AŞ PA-nın sədri dəyişəcək

Yanvarın 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,  sessiyada MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Sessiyada Assambleyanın yeni sədri seçiləcək, Kosovada vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, Rusiya-Gürcüstan müharibəsindən sonra zərər çəkmiş ərazilərdə humanitar vəziyyət, Azərbaycan tərəfinin vəzifə və öhdəliklərinin yerinə yetirilməsi, insan mənşəli orqanlar və hüceyrələrlə alverə qarşı mübarizə, Avropada media azadlığının vəziyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. İclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00