Kommunist hərəkatının dirçəlişi, yoxsa şəxsi maraqlar uğrunda mübarizə?
Kommunistlərin bir-birini ittiham etməsinin arxasında hansı maraqlar durur
21 Yanvar 2013 14:51 SiyasətAzərbaycan cəmiyyətində kütləvi informasiya vasitələrinin rolu və təsiri artmaqdadır. Belə ki, mətbuatda dərc olunan məlumatlar təsir və ictimai rəyin formalaşdırılması baxımından effektli olduğundan ona qarşı adekvat reaksiya doğurur. Belə məlumatlardan biri də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təmsilçisi Rauf Qurbanovdan qaynaqlanan məlumatlardır ki, partiya bununla bağlı kütləvi informasiya vasitələrinə müraciət edib. Müraciətdə bildirilir ki, belə məlumatlar kommunistlər arasında narahatlıq doğurur, ictimaiyyəti isə çaşbaş salır: "Məlumat üçün bildiririk ki, R. Qurbanov respublika kommunist hərəkatına 1996-cı ildən qoşulanlardandır. Yəni Azərbaycanda Kommunist Partiyasının yenidən (1993-cü il) bərpasından sonrakı dövr nəzərdə tutulur. Özü də Qurbanov bizimlə, yəni Ramiz Əhmədovun başçılıq etdiyi təşkilatın üzvləri ilə, o vaxtlar Gəncə Şəhər Komitəsinin 1-ci katibi Firudin Həsənov vasitəsi ilə əlaqəsini yaratmışdı. Və Ramiz Əhmədovun vasitəsi ilə isə KPRF-in rəhbərlərilə tanış olduqdan sonra R. Əhmədovun rəhbərlik etdiyi partiyada hərc-mərclik yaradılmasındakı "fəaliyyəti"də yaddaşlardan silinməyibdir". Müraciərdə R. Qurbanovla bağlı cəmiyyətə bəlli olmayan maraqlı məlumatlar əksini tapıb. Məlumata görə, 1999-cu ilin aprel ayında AKP Gəncə Şəhər partiya komitəsinin bürosunun qərarı ilə R. Qurbanov Gəncə ŞPK-nin 1-ci katibi vəzifəsindən biabırçılıqla azad edilib. Çox maraqlıdır ki, 2000-ci ildə AR Milli Məclisinə seçkilər zamanı, proporsional sistem vasitəsi ilə MM-də yer alan AKP-nin nümayəndəsi kimi Qurbanov da deputat olub: "Bu məsələlərə aydınlığı tarıx özü gətirəcəkdir. Lakin Qurbanovun KİV-dən istifadə edərək özünü reklam etməkdən ötəri başqalarını ittiham etməsinə aydınlıq gətirmək vacibdir. Beləliklə 2003-2004-cü illərdə Qurbanovun, hələ deputat kürsüsündə oturan zaman (R. Əhmədovun sağlığında) ona təklif olunanda ki, "birləşmək üçün ən azından bu və ya digər tərəfin keçirəcəyi tədbirlərdə hər iki qolun kommunistlərinin birgə iştirakı mütləq olmalıdır", o partiya adından danışmaq hüququ olmadığını vurğulamışdı. Sonralar, yəni R. Əhmədovun vəfatından sonra, partiyadaxili çəkişmələr zamanı Qurbanov partiya rəhbərliyindən uzaqlaşdırıldıqda o, öz təşəbbüsü ilə qurultay keçirir və özünü partiyanın sədri elan edir. Nəhayət R. Əhmədovun tərəfdarları Ələsgər Xəlilov və partiyanın yenidən bərpasında yaxından iştirak edənlərin bir hissəsi başda olmaqla rəsmi sənədi olan AKP və heç bir sənədi olmayan və Moskva emissarı Yevqeniy Kopışevin dəstəyini alan Qurbanov başda olmaqla AKP-nin digər qolu arasında kəskin mübarizə başlanır. Onu da qeyd etmək lazımdır ki, hər iki tərəf Moskvada fəaliyyət göstərən qeyri-rəsmi Sov.İKP-KPİ-nin dəstəyini almaqdan ötəri gərgin mübarizə aparırdılar. Aydın məsələdir ki, keçmişdə Gəncəbasar zonası şərab zavodlarının birində çalışan və Rusiyada çox bəyənilən Azərbaycan şərabları hesabına Y. Kopışevin "etimadını" qazanan Qurbanov bu mübarizədə üstünlük əldə etmişdir. Və bunun hesabına yerli KİV Qurbanovu mətbuatda tez-tez hallandırır. Bu isə respublikamızda fəaliyyət göstərən həm müxalifət partiyaları, eyni zamanda iqtidar yönümlü partiyalar üçün çöx əlverişli şərait yaradır". T. Nurullayevin imzası ilə daxil olan məlumatda bildirilir ki, "indi Sov.İKP-KPİ abbreviaturasında çıxış edən quruma istinad edən Qurbanov 2008-ci ilin ortalarında mən və Azərbaycan Sosialist Partiyasının rəhbəri Elşən Həsənovla görüşlər keçirərək bizlərdən köməklik istədiyi halda necə olur ki, indi mənim və Ələskər Xəlilovun partiya sıralarından xaric edildiyini yadına salır? Bu əlbəttə ki, məntiqə sığmayan və əsası olmayan xəstə təfəkkürün təzahürləridir. Yaxın keçmişdə respublikamızda 400 mindən artıq kommunist partiyasının üzvləri var idi. İndi onlar haradadırlar? Bu heç də qorxulu deyildir. Ən qorxulusu odur ki, kommunist adından istifadə edib saxtakarlıq edəsən, münasibəti, etimadı itirəsən, yalanlardan imic yaradasan. Şəxsi mənafeyini ümumi mənafedən üstün tutasan. Indi vəziyyət elə gətirib ki, biz yenidən birləşmişik və respublikamızda kommunist hərəkatının inkişafı naminə çalışırıq. Hər hansı bir lider(hətta özünü reklam etdirmək istəyirsə) partiyanın adından istifadə edərək öz şəxsiyyətini deyil, özünün imkanlarından istifadə edib partiyanı cəmiyyətdə yüksəldə bilsə daha münasib olardı".
Alim