Milli Şura müxalifəti parçalayacaq - SİYASİ ŞƏRH

İbrahimbəyovun modeli narazılıq yaratdı

Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov ölkədə yeni hərəkat yaradıldığını élan edib. İbrahimbəyov deyib ki, həmin quruma siyasi partiyalar, Ziyalılar Forumu və müxtəlif gənclər təşkilatları daxil olacaqlar. Qurumun El Hərəkatı və ya Milli Şura adlanacağı söylənilir. İbrahimbəyov sonrakı açıqlamalarında Eldar Namazovun yeni qurumun prezidentliyə namizədi olacağını və üçüncü qüvvə kimi meydana çıxacağını deyib. Onun namizədi və təşəbbüsü müxalifət düşərgəsində narazılıq yaradıb. Qeyd olunur ki, İbrahimbəyovun mövqeyi ziddiyyətlidir və daşıdığı missiyaya uyğun deyil. Bunu ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun fikrincə, üçüncü qüvvə anlayışı düzgün seçilməyib. Üçüncü qüvvə həm iqtidara, həm də müxalifətə alternativdir. Doğrudan da əgər İbrahimbəyov müxalifətin geniş koalisiyasını yaratmaq istəyirsə,  o zaman üçüncü qüvvə anlayışı nədir? Yox, üçüncü qüvvə, yəni yeni qüvvə ilə ortaya çıxırsa, o zaman ənənəvi müxalifətin dəstəyini neynir? Göründüyü kimi kinodramaturqun yeni siyasi layihəsi ziddiyyətlidir. Ən başlıca yanlış məqam isə özünü ziyalı kimi təqdim etmiş İbrahimbəyovun siyasi bəyanatlar verməsi, siyasi qurumlar yaratmağa başlamasıdır. Artıq müxalifət daxilindən təpkilər gəlməkdədir. ADP, Ümid yeni qurumu qəbul etmirlər. Müsavat mövqeyini hələ açıqlamayıb. Müsavatın namizədinə mane olacaq deyə, AXCP İbrahimbəyovun yeni ideyasına dəstək verir. AXCP çalışır ki, İbrahimbəyov daha geniş koalisiya yaratsın, İsa Qəmbərin namizədliyi keçərsiz olsun. Geniş koalisiya əslində elə İctimai Palata ilə Ziyalılar Forumunun birliyi anlamına gəlir.  Bu isə yerli resurslarını tükətmiş AXCP-nin işinə yarayır. Rüstəm İbrahimbəyov yeni koalisiyanı yarada bilsə, bu qurum AXCP, Müsavat, Ziyalılar Forumu və fəal gənclər təşkilatlarından təşkil olunacaq. Gənclər təşkilatlarında, hətta Ziyalılar Forumunda Əli Kərimli daha üstündür. Bu durum AXCP sədrinin vahid namizədliyini qaçılmaz edəcək. Bu baxımdan Müsavat başqanı da Milli Şuranın yaranmasına qarşı olacaq. Maraqlıdır ki, bu məsələdə Müsavatla ADP və Ümidin mövqeyi üst-üstə düşür. Hər üç qüvvə Milli Şuranın yaranmasında maraqlı deyil. ADP Müsavatın namizədinə qarşı olsa da, İbrahimbəyovun Milli Şurasını da qəbul etmir. Çünki bu qurum faktiki olaraq ADP tipli partiyaları kənarda qoyur və tamamilə müxalifətdən silməyə çalışır. Əslində, Milli Şura və üçüncü qüvvə ideyasında bir inkarçılıq var. Ənənəvi müxalifət inkar olunur. ADP, Ümid bu gün inkar olunursa, Müsavatla AXCP "palçıqdan çıxandan sonra", yəni yeni qurum özünə yer tapandan sonra inkar olunacaq, müxalifətdən dışlanacaq. Yeni qüvvənin meydana gəlməsi, ənənəvi müxalifətin sıradan çıxması labüd prosesdir. Amma ikincilər tərəfindən də qəbul olunmayacaq prosesdir. Bu baxımdan köhnələr yenilərə mane olacaqlar. Müxalifətdə nəsil dəyişməsi, yeni qüvvənin ortaya çıxması ağrılı və çətin prosesidr. Seçki ilində bu proses düşərgəyə ciddi zərbələr vuracaq. İndidən bəllidir ki, İbrahimbəyovun təşkilatı İctimai Palatanı parçalayacaq, Müsavatı AXCP-dən ayırıb, ADP, Ümid kimi partiyalara doğru itələyəcək. 

Aydın

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00