Milli Təhlükəsizlik Nazirliyində Qanlı 20 yanvar faciəsi ilə bağlı tədbirlər keçirilib

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində anım tədbirləri keçirilmişdir. General-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfilər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər. Sonra Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinin adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulmuşdur. Milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin əməkdaşları Vətənimizin azadlığı uğrunda canlarından keçmiş, bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş təhlükəsizlik orqanlarının şəhid olan əməkdaşlarının xatirəsini də ehtiramla yad etmişlər. Anım mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etmişdir. Əvvəlcə tədbir iştirakçıları Akademiyanın akt zalının foyesində 1990-cı ilin 20 yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olmuşlar. Mərasim açıq elan edildikdən sonra ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00