“Rüstəm İbrahimbəyovun hərəkatı bizi maraqlandırmır” - MÜSAHİBƏ
Sərdar Cəlaloğlu: “Əgər hərəkatın təşkilatçıları hesab etsələr ki, biz orada artığıq, nəyə görə qoşulmalıyıq?”
21 Yanvar 2013 12:05 SiyasətAzərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu ilə ADP-nin qarşıdan gələn prezident seçkilərində mövqeyi və Azərbaycanın siyasi həyatında baş verən məsələlərlə bağlı kiçik diskussiya apardıq:
-Sərdar bəy, payızda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəksiniz, yoxsa ki, hər hansı blok daxilində müxalifətin hansısa namizədini dəstəkləyəcəksiniz?
- Qarşıdan gələn prezident seçkilərində ADP-nin əsas taktikası müxalifət daxilində vahid cəbhədən çıxış etməsi və vahid komanda ilə seçkilərə getməsidir. Bu istiqamətdə səylərimizi davam etdiririk. Müəyyən mərhələdən sonra seçkilərlə bağlı son qərarımızı verəcəyik. Partiyada belə bir fikirlər var ki, seçkilərə müstəqil gedək, bəziləri deyir ki, blok şəklində gedək, bəziləri də belə bir fikir səsləndirirlər ki, seçkiqabağı vəziyyəti nəzərə alıb ümumiyyətlə seçkiləri boykot edək. ADP-də birmənalı fikir yoxdur, diskussiyalar gedir. ADP-də aparılan əsas diskussiyalar yuxarıda sadalanan məsələlərlə bağlıdır. Partiyanın gündəliyində duran əsas məsələ prezident seçkiləri ilə bağlıdır.
-Əgər prezident seçkilərində namizəd kimi iştirak etməsəniz, ADP müxalifətin hansı namizədini dəstəkləyə bilər?
- Təbii ki, söhbət ADP-nin dəstəkləməsindən gedirsə, bizim öz blokumuz var və həmin blokun namizədini dəstəkləyəcəyik. Əgər birmənalı şəkildə partiya seçkilərdə öz namizədi ilə iştirak etməsə, ayrılıqda çıxış etməsə, seçkiləri boykot etməsək, təbiidir ki, öz blokumuzun namizədinin maraqlarından çıxış edəcəyik.
-Sərdar bəy, "Yeni Müsavat" qəzeti yazır ki, Rüstəm İbrahimbəyovun vəd etdiyi "EL hərəkatı"nda Müsavat partiyası ilə yanaşı AXCP-də iştirak edəcək. Bu barədə sizə təklif gəlməyib ki?
- Belə bir Azərbaycan atalar sözü var: "Dəvət olunan yerdən qalma, dəvət edilməyən yeri də dar eləmə". Əgər dəvət olunsaq əvvəlcə götür-qoy edəcəyik ki, bu nə hərəkatdır, mahiyyyəti nədir, kimlər təşkil edib, məqsədi, hədəfləri nədir. Əgər hərəkata dəvət olunsaq, ora qoşulacağıq. Əgər hərəkatın təşkilatçıları hesab etsələr ki, biz orada artığıq, nəyə görə qoşulmalıyıq? Hərəkat bizi maraqlandırmır. ADP-nin adı hallanan məsələlər məni maraqlandırır. O yerdə ki, bizim adımız hallandırılmır, adımız tutulmur, ondan danışmağın ümumiyyətlə mənası yoxdur!
Mənsur Rəğbətoğlu