Metyu Brayza: "Xocalı aeroportunun istismarının qarşısını almaq üçün leqal metodlar mövcuddur"
18 Yanvar 2013 17:47 Siyasət"Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir". "Xocalı aeroportunun istismarının qarşısını almaq üçün leqal metodlar mövcuddur". Trend-in məlumatına görə, bu barədə Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza bildirib. "Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir", - Brayza Ermənistanın Azərbaycanın işğal edilmiş ərazisində aeroport açmaq planını şərh edərkən deyib.
"Şübhəsiz ki, işğal altında olan ərazilərdə aeroport açılması məsələsi Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyi artıra bilər. Lakin bu məsələni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər problemlər kimi, ATƏT-in Minsk qrupu çərçivəsində həll etmək mümkündür. Mən bu barədə ABŞ-ın Azərbaycandakı səfiri və Minsk qrupunun həmsədri olarkən danışmışam", - o deyib.