Şəxsi maraqlarının quluna çevrilənlər - ŞƏRH

Belələri millət və dövlət üçün ən böyük təhlükədir

Azərbaycanda dəfələrlə şahidi olmuşuq ki, bir vaxtlar iqtidarın qazanından yeyən, özünə dəbdəbəli həyat quran şəxslər sonradan qatı düşmənə çevriliblər. Belələrinin sayı kifayət qədərdir və cəmiyyət onların hamısı barədə ətraflı bilgiyə malikdir. Nəzərə alsaq ki, Azərbaycan coğrafi baxımdan bir o qədər də geniş əraziyə malik deyil, əhali demək olar ki, kimin-kim olduğunu çox yaxşı bilir, o halda "cidanı çuvalda gizlətmək mümkün deyil". Belə şəxslər sırasında  hətta dövlətin müxtəlif strukturlarında-qanunverici, icra və məhkəmə orqanlarında çalışanlar olub. Dövlət orqanlarında çalışdıqları vaxtda hakimiyyəti, dövləti birmanalı şəkildə dəstəkləyən insanlar sonradan mövqeyini dəyişəndə cəmiyyətdə urvatsız şəxs kimi qəbul olunurlar. Belələrindən biri də vaxtilə Milli Məclisin deputatı olmuş Gültəkin Hacıbəylidir. Məlumat üçün qeyd edək ki, həmin vaxt iqtidar xanım deputata etimad göstərərk onu  AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü seçmişdi. Xanım deputat da təkcə ölkə daxilində deyil, həmçinin beynəlxalq arenada iqtidarın siyasətini birmənalı şəkildə müdafiə edib. Demək olar ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətini dəstəkləyən və müdafiə edən ən fəal deputatlardan olub. Belə bir halda onun öz mövqeyini birdən-birə dəyişərək hakimiyyəti ittiham hədəfinə çevirməsi başa düşülən deyil və cəmiyyətdə birmənalı qarşılanmır. Növbəti seçkilərdə millət vəkili mandatı əldə edə bilməyən sabid deputat dərhal mövqeyində korrektələr etdi.  İqtidardan "incik" düşmüş xanım siyasətçi Ziyalılar Forumunda təmsil olunmağı üstün tutdu. Yəni, öz "əqidədaşlarının" cərgəsində durmağı daha şərəfli hesab etdi. Bəs kimdir Ziyalılar Forumunda təmsil olunanlar? Hazırda G.Hacıbəylinin də üzv olduğu Ziyalılar Forumunda təmsil olunmuş şəxslərin tərcümeyi-halı onu deməyə əsas verir ki, onların bəziləri vaxtilə hakimiyyətdə yüksək vəzifəli postlar tutublar, ya da parlamentdə, müxtəlif ictimai birliklərdə təmsil olunaraq iqtidarın müdafiəçisi kimi tanınblar.

Lakin sonradan  müxtəlif səbəblərdən mövqelərini dəyişərək iqtidarın ən sərt  tənqidçisinə çevriliblər. Əslində Forumda təmsil olunanlar heç də iqtidara müxalif mövqeyindən çıxış etmirlər, onlar qisas hissi ilə yaşadığından  ağı da qara görürlər. Təsadüfi deyil ki, kinematoqraf Rüstəm İbrahimbəyov və Gültəkin Hacıyevanın hazırkı mövqelərinin əsasında onların şəxsi maraqlarının durduğu deyilir. Əslində bu fikri təsdiq edən kifayət qədər arqumentlər sadalamaq olar. Məsələn, hamıya bəllidir ki,  G.Hacıbəyli Milli Məclisin deputatı statusunun verdiyi imkanlardan sui-istifadə edərək öz biznesini qurub, Bakıda, Goranboy rayonunda çoxsaylı obyektlər əldə etməyə müvəffəq olub. Onun Goranboyda bir neçə karxanasının, ticarət və iaşə obyektlərinin olduğu bildirilir. "Olaylar"ın araşdırması nəticəsində həqiqətən də G.Hacıbəylinin adına müxtəlif yerlərdə obyektlərin, mənzillərin, mülklərin və torpaq sahələrinin olduğu müəyyən edilib. Kiçik bir araşdırma zamanı bəlli olub ki, G.Hacıbəylinin Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində 20 hektar ərazidə gips sahəsi və daş karxanası fəaliyyət göstərib. Həmçinin, həmin ərazidə onun bacısının adına rəsmiləşdirilmiş daha 10 hektarlıq başqa bir karxanası olub. Lakin 2010-cu ildə Goranboy RİH-in iddiasına əsasən məhkəmənin qərarı ilə həmin ərazilər G.Hacıbəylinin əlindən alınıb. Məhz bundan sonra G.Hacıbəyli mövqeyini dəyişib və ittihamlarla çıxış etməyə başlayıb.  Əldə etdiyimiz məlumata görə, G.Hacıbəyli deputat olduğu dövrdə faktiki olaraq Goranboy və Naftalanda özünü yüksək səlahiyyət sahibi kimi aparırmış. Keçmiş xanım deputat Bakı şəhərinin Səbael və Nəsimi rayonları ərazisində  iki mənzilə sahibdir. Onun Goranboy rayonunun 58-ci kvartal ərazisində, Xan Qərvənd kəndində, Abşeron rayonunun Mehdiabad qəsəbəsində və Şamaxı rayonunun Qəleybuğurt kəndində torpaq əraziləri var. Gültəkin xanım kifayət qədər imkanlı şəxs hesab olunur. Onun hazırda bizə məlum olan iki avtomobili var (Lexus və Toyota markaları). Həmçinin, G.Hacıbəylinin vaxtilə Goranboy və Bakıda bir sıra obyektlərə "krışalıq" etdiyi bildirilir. Əldə etdiyimiz digər məlumata görə, G.Hacıbəyli deputat olduğu zamanlarda əldə etdiyi mənzil, mülk və torpaq sahələrinin əksər hissəsini öz yaxın qohumlarının adına rəsmiləşdirib. Məlumat üçün onu da qeyd edək ki, G. Hacıbəyli Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü olduğu zaman dəfələrlə "çp"-yə yol verib. Onun dəfələrlə törətdiyi özfəaliyyət əməlləri nümayəndə heyətini çətin vəziyyətdə qoyub. Hətta bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq da edilib. Bu faktları sadalamaqda məqsədimiz heç də kiminsə malını, mülkünü aləmə car çəkməkdən ibarət deyil. Sadəcə, bildirmək istəyirik ki, bizə məlum olan və olmayan çoxsaylı mülkləri  məhz deputat mandatından sui-istifadə edərək əldə edib. Lakin mandat əldən getdiyi üçün "yediyin qazana tüpürmək" xanım siyasətçiyə yaraşmayan hərəkətdir. Elə buna görə də G. Hacıbəylinin hazırki mövqeyi cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00