“Azərbaycan ordusu güclü və müqəddəs ailədir” - RƏY

Musa Qasımlı: “Cənab prezidentin söylədiklərinin ciddi əsasları var”

Yevda Abramov: "Ermənistan hakimiyyəti deyir ki, Azərbaycan ordusu nəinki Qafqazın, bütün MDB-nin ən güclüsüdür"

"Ordu quruculuğu işində, əlbəttə, təkcə maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq və nizam-intizam da öz rolunu oynayır. Həm peşəkarlıq, həm nizam-intizam artmalıdır. Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür". Bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də 2012-ci ilin yekunlarına dair təşkil edilmiş müşavirədə deyib.

"Cənab prezidentin söylədiklərinin ciddi əsasları var. Göstərilən qüsurlar dərhal aradan qaldırılmalıdır" deyən millət vəkili Musa Qasımlının sözlərinə görə bu işə məsul olan şəxslərin məsuliyyəti artırılmalıdır: "İşinin öhdəsindən gələ bilməyənlər isə vəzifələrində qalmamalıdırlar. Çünki, əvəzedilməz kadr yoxdur". Məsələyə münasibət bildirən millət vəkili Yevda Abramovun sözlərinə görə təkcə Azərbaycan prezidenti yox, düşmən ölkənin rəhbərliyi də xarici səfərləri zamanı vurğulayıb ki, Azərbaycan ordusu nəinki Qafqazın, bütün MDB məkanının ən güclüsüdür: "Ona görə də Ermənistan hakimiyyəti həmişə Rusiya və digər ölkələrdən kömək istəyib. Ermənistan ordusu güclənmək üçün ən azı Azərbaycan ordusunun təchizatının yarısına çatmalıdır. 10-15 il bundan qabaqkı ordu ilə müqayisədə Azərbaycanın ən müasir təchizatla təchiz edilmiş yenilməz ordusu var. Ona görə də cənab prezident çox düzgün qeyd edib. Sadəcə cəmiyyət arasında bəzi xoşagəlməz ünsürlər orduya qarşı təbliğat aparırlar. Heç kəs süni yolla ordunu gözdən sala biməz. Ordu zarafat yeri deyil. Azərbaycan ordusu böyük və müqəddəs bir ailədir. Bu gün Qafqaza, MDB məkanına baxanda Azərbaycan əsgərinin geyimi, nüfuzu və missiyası çox güclüdür. Azərbaycan ordusu güclüdür, güclənir, buna Dağlıq Qarabağın işğal altında olması rəvac verir"

Üzeyir Cəfərov: "Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin gücünü döyüş əmri veriləndən sonra əyani görəcək"

"Azərbaycan ordusu 1994-cü ildə atəşkəs élan olunandan bu yana yalnız döyüş hazırlığı ilə məşğul olur. Ona görə də Azərbaycan ordusu 90-cı illərdə olan ordu deyil. Həm nizam-intizam, həm də formalaşma baxımından Azərbaycan ordusu çox güclüdür" deyən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə son dövrlərdə orduya ən müasir silahlar alınıb və şəxsi heyətin döyüş hazırlığının artırılması baxımından təkmilləşdirmə işləri aparılır: "Azərbaycan ordusu Dağlıq Qarabağı Ermənistandan azad etməyə qadirdir. Ermənistan ordusu isə Rusiya ilə "güclü"dür. Lakin, buna baxmayaraq Azərbaycan Silahlı Qüvvələri öz missiyasını bütövlükdə yerinə yetirməyə hazırdır. Bunu döyüş əmri veriləndən sonra əyani şəkildə görmək mümkündür. Ali baş komandan sadəcə olaraq bəzi siyasi məsələlərə görə döyüş əmri vermir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00