“Gürcüstanın Azərbaycan üçün Rusiyadan heç bir fərqi yoxdur” - ŞƏRH

Elxan Şahinoğlu: “İvanişvili erməni ictimaiyyətindən, mətbuatından qorxduğu üçün bu cavabı verib”

Maya Pancikidze Litva səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən "münaqişəni yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək lazımdır" ifadəsini işlədib. Baş nazir Bidzina İvanişvili isə mətbuata verdiyi açıqlamada Pancikidzenin çıxışnda Qarabağ adı çəkmədiyini bildirib. Qeyd edək ki, Gürcüstan xarici işlər nazirinin bəyanatı Ermənistanda narazılığa səbəb olub. "İvanişvili ikiüzlü siyasət yürdür, Bakıya gəlir, bir açıqlama verir, İrəvana gedir, başqa fikir söyləyir. Gürcüstanın xarici işlər naziri faktı deyib. İvanişvili Ermənistana gedən kimi də deyir ki, münaqişəsinin dinc yolla həllinə tərəfdardır" deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə İvanişvili erməni mətbuatına verdiyi açıqlamada bildirməli idi ki, necə ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır: "İvanişvili erməni ictimaiyyətindən, mətbuatından qorxduğu üçün bu cavabı verməyə çəkinib. Baş nazirin bu açıqlaması Gürcüstan-Azərbaycan müttəfiqliyinə kölgə salır. Azərbaycan tərəfi Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın ərazi vahidi kimi tanıyır, amma İvanişvili Ermənistanda mətbuata ikibaşlı açıqlama verir. Ona görə də indiki məqamda Gürcüstanın Azərbaycana qarşı siyasətində Rusiyadan heç bir fərqi yoxdur. İvanişvili Azərbaycanla bağlı siyasətinə nəzər yetirməlidir, əks təqdirdə ikitərəfli əlaqələrə xələl gətirə bilər" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00