Los Ancelesdəki Baş Konsulumuzun Qara Yanvar faciəsinə dair məqaləsi ABŞ KİV-ləri tərəfindən dərc edilib

Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin Qara Yanvar faciəsinin ildönümü ilə əlaqədar yazdığı məqalə 100-dən çox ABŞ KİV-ləri tərəfindən dərc edilmişdir. Bunların sırasında, xüsusilə CNBC, NBC-5-Seattle, Northwest Cable News və WFMZ-TV kimi telekanalları, Reuters xəbər agentliyini və YahooNews xəbər portalını, Boston Globe, Sacramento Bee, El Paso Times, California Chronicle və The Herald kimi qəzetləri qeyd etmək olar. "Qara Yanvar: Azərbaycanın azadlığa gedən yolu" (Black January: Azerbaijan Path To Freedom) başlıqlı məqalədə 23 il öncə baş vermiş qanlı 20 yanvar hadisələrinin tarixi əks olunaraq, həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan SSR-nin nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pisləməsi vurğulanır və bunun Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da ilhamlandırdığı bildirilir. Bu qəddarlığı həyata keçirən Sovet rejiminin Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olduğunu bildirən müəllif qanlı rejimin öz məqsədinə çata bilməyərək, tam iflasa uğramasını vurğulayır. Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini qeyd edən baş konsul ölkəmizin müstəqilliyinin güclü və dönməz olduğunu diqqətə çatdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00