Komitə sədri: “Dərmanla bağlı kifayət qədər problemlər var”
3 May 2018 13:21 SiyasətDərman vasitələri ilə bağlı mövcud qanuna dəfələrlə dəyişikliklər etməyimizə baxmayaraq, bu sahədə kifayət qədər problemlər, çatışmazlıqlar var.
"Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin mayın 3-də keçirilən iclasında adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov "Dərman vasitələri haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib.Onun sözlərinə görə, təklif olunan dəyişikliklər həddindən artıq çoxdur və demək olar ki, qanunun bütün maddələrini əhatə edir: "Çox təəssüflər olsun ki, dərnman vasitələri ilə bağlı məsələdə böyük problemlər, çatışmazlıqlar, yaramazlıqlar var. Elə bu günlərdə Respublika Prokurorluğu tərəfindən dərman vasitələrinin, xüsusilə, keyfiyyətsiz dərman vasitələrinin satışı, dövriyyəsi ilə məşğul olan bir neçə vəzifəli şəxs həbs olundu. Bu, çox düzgün və vacib addım idi. Çünki hələ də çoxları öz məsuliyyətini anlamaq istəmir, insanların sağlamlığına, səhhətinə zərbə vururlar. Keyfiyyətsiz dərman və onların satışı, dövriyyəsi yolverilməzdir, böyük cinayətdir. Bunu edənlər isə mütləq qanunla, hüquqla cəzalandırılmalıdırlar. Odur ki, dərman vasitələri ilə bağlı mövcud qanuna növbəti-geniş dəyişikliklər təklif olunur".
Qeyd edək ki, dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə əsasən, "Dərman vasitələri haqqında" qanunun 6-cı (Dərman vasitələrinin dövlət qeydiyyatı) maddəsinin 1-ci bəndində dəyişiklik edilir. Dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin dərman vasitəsinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini ölkə ərazisinə qanunvericiliklə müəyyən edilən miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycandakı yerli nümayəndəliyi və ya yerli nümyəndəliyi olmadığı halda xarici istehsalçının müvəkkil etdiyi şəxs idxal edə bilər. Bu bənd hazırda belədir: Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.
Qanunun 8-ci (Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti) maddəsinə də dəyişiklik edilir. Maddəyə yeni bənd əlavə edilir bəndə əsasən, dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçririlməsi məqsədilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraqbütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərmabn vasitələrinin təhlükəsiz şəkil istifadəsini təmin edilmədsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq farmakonəzarət üzrə işləri həyata keçirir və bu sahə üçün məsul şəxs təyin edir. Qanunun 14-1-ci (Bioloji fəallığa malik qida əlavələri) maddəsinə də yeni-14-1.6 bəndi əlavə edilir. Bioloji fəallığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınan dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.
Qanunun 16-cı (Dərman vasitələri haqqında informasiyanın yayımlanması) maddəsinə yeni-16.5-ci bəndi əlavə olunur. Bənddə qeyd olunur ki, müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxsləri, dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin əlavə təsirləri və digərə əlaqədar problemləri barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.