Ordumuz torpaqları işğaldan azad etməyə hazırdır
3 May 2018 12:20 SiyasətElçin Mirzəbəyli: "Həm də dövlətin buna siyasi iradəsi çatır"
İşğalçı dövlətin keçmiş prezidenti Serj Sarksyanın istefası ilə Ermənistanda yeni bir siyasi mərhələnin əsası qoyulmuş oldu. Etiraf edilməlidir ki, Ermənistanda baş verən dəyişiklik regionda marağı olan bütün regional və beynəlxalq qüvvələri hərəkətə gətirib. Xüsusən, bu ölkəyə təsir imkanları olan xarici qüvvələrin canfəşanlığı müşahidə olunmadadır. Sözdə baş verənlərə "Ermənistanın daxili işidir" deyən dövlətlər əməldə öz niyyyətlərini həyata keçirmək məqsədilə min cür oyundan çıxırlar. Əslində Ermənistan heç vaxt müstəqil dövlət kimi mövcud olmayıb, heç bir dövlətçilik ənənəsi və təcrübəsi olmayan toplumun isə kiminsə qoltuğuna sığınması başa düşüləndir. Laki belə bir şəraitdə ermənilərin Qarabağ məsələsində radikal mövqedən çıxış etməsi, Azərbaycanla ultimatum dilində danışması onların konstruktiv mövqeyə gələcəyinə ümid yeri qoymur. Daha doğrusu, ölkədə baş verən proseslərə xarici müdaxilənin artması erməni cəmiyyətini reallığı olduğu kimi dərk etmək imkanından məhrum edir. Hazırda yaranmış vəziyyət ondan ibarətdir ki, Sarksyan rejiminin daxili və xarici siyasətindən cana doymuş Ermənistan cəmiyyəti nə istədiyini özü belə bilmir. Başsız, lidersiz qalmış kütlə nəyi dəyişməyi, necə dəyişməyi belə qərarlaşdırmaqda çətinlik çəkir. Bu isə o deməkdir ki, hakimiyyət üzərində qələbə eyforiyası onları reallıqdan uzaqlaşdıra, yeni avantüralara çəkə bilər. Məhz bu kimi amilləri nəzərə alan millət vəkili Qüdrət Həsənquliyev parlamentin son iclasında Qarabağla bağlı xüsusi iclasının çağırılması təşəbbüsü ilə çıxış edib: "Hesab edirəm ki, Milli Məclisin xüsusi iclasını çağırmalıyıq. Bilirsiniz ki, torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Hazırda isə Ermənistanda siyasi proseslər həddindən artıq gərginləşib. Hətta Nikol Paşinyan baş nazir seçilsə belə onun Ermənistanda uzun müddət sabitliyi təmin edə biləcəyi ciddi şübhə altındadır. Buna görə də düşünürəm ki, oradakı siyasi qüvvələr daxili istifadə üçün atəşkəsi poza bilərlər. Çalışa bilərlər ki, bundan öz məqsədləri üçün istifadə etsinlər. Belə bir hal baş verərsə Azərbaycan ordusu və Azərbaycan dövləti cəsarətli qərar qəbul etməyə və torpaqlarımızın işğalına son qoymağa hazır olmalıdır". Millət vəkili xatırladıb ki, 1993-cü ildə, baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının, o cümlədən Kəlbəcərin işğaldan azad olunmasıyla bağlı qətnaməsi vardı, amma Gəncədə hərbi qiyam başlayanda ermənilər nəinki BMT TŞ-nin qətnaməsinə uyğun olaraq o torpaqları azad etmədilər, əksinə yaranmış vəziyyətdən istifadə edərək Dağlıq Qarabağ ətrafındakı digər Azərbaycan rayonlarını da işğal etdilər: "Bəzən hər hansı bir ölkənin iqtidarının, dövlət başçısının tarixin bu və ya digər məqamında qəbul etdiyi ağıllı və cəsarətli qərar o xalqın 100 illik bir dövr üçün gələcəyini müəyyənləşdirir. Buna görə də Milli Məclisin Qarabağla bağlı xüsusi iclasının keçirilməsinə çox böyük ehtiyac var. Hesab edirəm ki, Ermənistandakı hadisələri ciddi şəkildə izləməliyik. Orada baş verən prosesləri diqqətlə izləyən bir şəxs kimi əminəm ki, Ermənistanda çox böyük ehtimalla yaxın zamanlarda vətəndaş qarşıdurması baş verəcək və onlar Dağlıq Qarabağda atəşkəsi poza bilərlər. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətlərlə, o cümlədən Rusiya ilə intensiv danışıqlar aparmalıdır. Azərbaycan ordusu və xalqı səfərbər olmalıdır ki, atəşkəsin pozulacağı təqdirdə biz torpaqlarımızı işğaldan azad edək". İndi maraqlı məqamlardan biri ondan ibarətdir ki, ermənilər tərəfindən cəbhədə təxribatlar baş versə Azərbaycan ordusu müharibəyə hazırdırmı? Tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyev qeyd edib ki, Ermənistan özünün deyil, özgə maraqlarına xidmət edən bir siyasətin girovudur. Özünün kifayət qədər hərbi gücü, iqtisadi potensialı olmayan Ermənistanın indiki eyforiya ilə bütün problemlərini həll etməyə ümid etməsi illüziyadan başqa bir şey deyildir: "Gedən proseslərdə müsbət amil odur ki, rejimin buxovlarından xilas olmağa can atan Ermənistan ölkənin sosial-iqtisadi problemlərini həll etmək, ətraf təcriddən xilas olmaq, dünyaya normal inteqrasiya etmək üçün Qarabağ probleminin həlli üçün çıxış yollarının axtarılması zəruridir. Onun isə yolu bu problemin ədalətli həllindən, qonşularla münasibətini normal hala gətirməkdən, işğalçılıq siyasətindən imtina etməkdən, işğal etdiyi ərazilərdən çıxıb getməkdən keçir. Yeni hakimiyyət əvvəlki təcavüzkar siyasəti davam etdirərsə, bu onları daha ağır duruma gətirər, münaqişənin dinc yolla həllini qeyri-mümkün edər. Ermənistanın Rusiya ilə Qərb ölkələri arasında ikili oyun oynaması da onun şanslarını xeyli azaldır. Bu kənar qüvvələr Ermənistan cəmiyyətinə öz maraqlarına uyğun addımlar atacağına imkan verib-verməyəcəyi sual altındadır". Politoloq Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi üçün hər an şərait yetişib: "Şübhəsiz ki, bu, birbaşa Ali Baş Komandanın iradəsindən asılıdır. Qüdrət bəy isə çıxışında dünyadakı, regiondakı və Ermənistandakı prosesləri təhlil edərək bu qənaətə gəlib. Düşünürəm ki, bu istiqamətdə müvafiq addımların atılmasına qarşı hər hansı maneə yoxdur. Bu baxımdan məsələlərə kompleks yanaşlmalıdır". Onun sözlərinə görə, Qarabağla bağlı parlamentin xüsusi iclasının çağrılması məsələsinə də diqqətlə yanaşılmalıdır. Ona görə ki, hazırki şəraitdə Qarabağla bağlı parlament müzakirələrinin aparılması əhəmiyyət kəsb edən faktordur: "Bununla bağlı Azərbaycanda ənənə mövcuddur. Vaxtilə Qarabağla bağlı parlament müzakirələri aparılmışdı. İndi də bunula bağlı müzakirələrin aparılması Azərbaycan üçün hər hansı problem yaratmır. Nəzərə almaq lazımdır ki, Qarabağ Azərbaycanın ən vacib problemlərindən biridir. Bu məsələnin də parlamentdə müzakirə olunması, məsələynin ən müxtəlif kontekstdən təhlil edilməsi vacib amillərdən biridir". E. Mirzəbəyli bildirib ki, Azərbaycan orducunun torpağlarımızı işğaldan azad etməyk üçün kifayyət qədər potensialı var: "Həm də dövlətin buna siyasi iradəsi çatır. Hadisələri dolğun dəyərləndirərkən belə bir şəraitin yaxınlaşdığını demək olar. Sözssüz ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün şəraitin yaxınlaşması ehtimalı hər zaman var. Mənim düşüncəmə görə, proseslər bu istiqamətdə cərəyan edir".
Alim