“Freedom House” ikili standartlarını davam etdirir

Təşkilat anti-Azərbaycan təbliğatından əl çəkmir

Azərbaycanın beynəlxalq imici və hərbi qüdrətinin artması ilə paralel ona qarşı təzyiqlərin də güclənməsi müşahidə olunur. Danılmaz faktdır ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı təzyiqlərə məruz qalıb. Xüsusən, son illər Azərbaycanda bütün sahələrdə baş verən inkişaf belə iddiada olan məkrli təşkilatları daha da qıcıqlandırmağa başlayıb. Ölkənin əldə etdiyi iqtisadi uğurlar, beynəlxalq aləmdə möhkəmlənən imici, hərbi potensialının güclənməsi, regionda nüfuzlu dövlətə çevrilməsi ona qarşı təhdidləri daha da intensivləşdirib. Maraqlısı odur ki, dünyada məhşurluğu ilə fərqlənən ən müxtəlif təşkilatlar belə iddiada bulunurlar. Belə təşkilatlardan olan "Freedom House" dur ki, bu qurum dəfələrlə ölkəmizlə bağlı qərəzli hesabatla çıxış edib. Bir müddət öncə təşkilat dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair hazırladığı illik "hesabatında" Azərbaycanla bağlı heç bir reallığa söykənməyən iddialarla çıxış etmişdi. Məlumat üçün qeyd edək ki, sözügedən təşkilatın hesabatlarında mütəmadi olaraq Azərbaycan barədə dəqiqləşdiriləməmiş, qərəzli məlumatlar əksini tapıb. Azərbaycan daim qara rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən "faktlar" kimi təqdim olunur. Əslində isə "Freedom House" anti-Azərbaycan platformasında birləşmiş bəzi yerli QHT-lərin qərəzli iddialarını, subyektiv mülahizələrini yoxlamadan təkrarlayır və heç bir müstəqil araşdırma aparmadan öz yekun qənaətini yalnız bu "donoslar" əsasında formalaşdırır. Sözügedən təşkilat yenə də ənənəsinə sadiq qalaraq ölkəmizin reallıqlarını təhrif edərək beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirir. Belə ki, "Freedom House" təşkilatı Dağlıq Qarabağı Azərbaycandan ayıraraq "qismən azad ərazi" kimi qələmə verib. Təşkilat seçimini guya həmin ərazidə "demokratik prezident seçkilərinin keçirilməsi" ilə əlaqələndirir. Bu, açıq- açığına təşkilatın ölkəmizə qarşı düşmənçilik münasibətinin və ermənipərəst mövqeyinin bariz nümunəsidir. Əgər belə olmasaydı, qurum Azərbaycanın işğal altında olan, heç bir beynəlxalq birlik tərəfindəm müstəqil təsisat kimi tanınmayan ərazisində keçirilən qeyri-qanuni siyasi aksiyalara reaksiya verərdi. Əməldə separatçı qrupları dəstəyləyən, onların siyasi aksiyalarına rəvac verən belə təşkilatın sözdə Dağlıq Qarabağı "qismən azad ərazi" kimi qələmə verməsi əslində təşkilatın iç üzünü ortaya qoyur. Hələ insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatında Azərbaycanı "qeyri-azad", Ermənistanı isə "qismən azad" ölkələr sırasına daxil edən təşkilatdan bundan artığını gözləmək sadəlövhlük olardı. Təkcə bu fakt təşkilatın mövqeyində ikili standartların və Azərbaycana qarşı antipatiyanın açıq təzahürü kimi qəbul edilməlidir. Birmənalı şəkildə demək olar ki, "Freedom House" nin ruhunda anti- Azərbaycan təbliğatı durur.

Ekspertlərin qənaətincə, "Freedom House" islamofobiya xəstəliyinə yoluxan və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirən təşkilatdır. Ağrıdıcı fakt odur ki, bu qurumun Azərbaycan əleyhinə təbliğatına dəstək verən anti-milli ünsürlər də dəstək mövqeyində dayanıblar. Bu qurumun ermənipərəst dairələrin sifarişi ilə Azərbaycana qarşı hücumlarının dağıdıcı müxalifət və onun nəzarətində olan mətbuat orqanları tərəfindən dəstəklənməsi təsadifi deyil, belə fəaliyyət onların anti-milli mahiyyətindən irəli gəlir. Ancaq fakt odur ki, müstəqil Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar tərəfindən edilən bu tipli cəhdlərə qarşı dəfələrlə duruş gətirə bilib. Təsadüfi deyil ki, ekspertlər "Freedom House" təşkilatının hesabatlarının qeyri-peşəkar şəkildə hazırlandığı, qərəzli donoslar əsasında formalaşmış subyektiv mülahizələrdən ibarət söz yığını olduğu qənaətindədirlər. Belə qeyri-obyektiv məlumatlar təbii ki, Azərbaycan cəmiyyətində birmənalı qarşılana bilməz. Ona görə ki, "Freedom House"nin hesabatında Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində zorla köçürülənlər, öz doğma yurd-yuvalarından didərgin salınanlarla bağlı bir cümlə belə yoxdur. Həmçinin münaqişənin BMT sənədlərində öz əksini tapmış işğal faktoru nəticəsində yaranması niyə bu təşkilatın maraq dairəsində deyil? Ermənistanın özü azad olmadığı, forpost ölkə kimi tanındığı bir halda onun hərbi nəzarətində olan ərazi necə azad hesab oluna bilər?

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00