İbrahimbəyov hərəkatı kimlərlə yaradır?

Yenə köhnə format, ənənəvi qüvvələr...

Ziyalılar Forumunun üzvü, kinodramaturq Rüstəm İbrahimbəyov yaradacağı yeni hərəkatın tərkibi haqqında anons verib. Onun fikrincə, qurumda Ziyalılar Forumu, AXCP, Müsavat və gənclər təşkilatlarının nümayəndələri olacaq. İbrahimbəyov hərəkatda "cəmiyyətdə nüfuz sahibi olan şəxslər də yer alacaq" deyib. Ancaq həmin "nüfuzlu şəxslərin" kimliyi hələ bəlli deyil. Yəqin ki, İbrahimbəyov Leyla Yunus, Mehman Əliyev və başqa şəxsləri nəzərdə tutur. Yeni hərərkatın "El" adlanacağı söylənilir. Hesab olunur ki, İbrahimbəyov prezidentliyə namizəd kimi Eldar Namazovu dəstəkləmək niyyətindədir. Hərəkatın El adlanlaması da Namazovun seçki təbliğatında effektiv iştirakı üçündür.

İbrahimbəyovun birdən-birə daxili siyasi güclərə geri dönməsi, onlarla müttəfiqliyə can atması müxtəlif suallar doğurur. Aşkar görünür ki, İbrahimbəyov Moskvada yaradılmış "Milyarderlər İttifaqı"nın üzvləri ilə dil tapa bilməyib. Ən azı onları seçki kampaniyasında aktiv iştiraka razı sala bilməyib. Xatırladaq ki, Bakıda yüksək səviyyədə qəbul olunandan sonra Abbas Abbasov Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqından uzaqlaşıb. Hazırda RATİ demək olar ki, fəaliyyət göstərmir. Radikal mövqeyini qoruyub saxlamış Söyün Sadıxov Rusiya vətəndaşı olaraq partiya quruculuğuna başlayıb. RATİ-ni təsis etmiş digər milyarderlər ümumiyyətlə, fəaliyyət göstərmədilər və kənarda dayandılar. İbrahimbəyov RATİ ilə Ziyalılar Forumu arasında vasitəçi olaraq milyarderlərin aktiv siyasətlə məşğul olmasına, Azərbaycanda müxalifət qüvvələrinə dəstək verməsinə çox çalışdı. Amma o, buna nail ola bilmədi. Sonuncu dəfə Moskvadan qayıtdığında İbrahimbəyov çox ümidsiz görünürdü. Görünür, o Moskvadan əlini tamam üzdüyündən ənənəvi müxalifətə üz tutub. İbrahimbəyovun namizədi ənənəvi müxalifətdən olmayacaq-bu aydındır. Əks halda İbrahimbəyov namizədliyini elan etmiş Müsavat başqanını dəstəkləyərdi. Onun AXCP sədrini də dəstəkləmək fikri yoxdur. Hələ ki, verilən mesajlar İbrahimbəyovun Eldar Namazovu dəstəkləyəcəyini göstərir. Amma seçkiyə azalmış başqa variantlar da gündəmə çıxa bilər. Məsələn, gözlənilmədən İbrahimbəyov öz namizədliyini irləi sürə bilər. Artıq buna müəyyən mesajlar verilməyə başlayıb. Məsələn, sosial şəbəkələrdə radikal status yazan və Ziyalılar Forumuna rəğbətini gizlətməyən müstəqil müxalifətçilərdən biri bu 2 gün öncə yazdığı statusda İbrahimbəyovun "müxalifətin vahid namizədi olduğunu, xalqın onun ətrafında (?) birləşməyə başladığını" yazıb. Seçkiyə azalmış bu cür yazılar arta, İbrahimbəyovu namizəd olmağa həvəsləndirə bilər. Amma buna Eldar Namazov və onu dəstəkləyən qüvvələr razı olacaqmı, bu çətin sualdır. İkincisi, İbrahimbəyov vahid namizəd olsa belə, yaradacağı hərəkat yeni qüvvə olmayacaq. Köhnə formatda, ənənəvi müxalifət hesabına yaranacaq hərəkatın aqibəti, gücü SİDSUH-dan, "Bizim Azərbaycan" blokundan fərqli olmayacaq. İbrahimbəyovun hərəkatı o zaman güclü olar ki, yeni qüvvələrdən təşkil olunsun, müstəqil gənclərdən ibarət olsun. Fəal gənclərin ənənəvi müxalifət partiyalarının ətrafında olduğunu, müxalifət liderlərini tənqid edən Emin Milli kimi gənclərin aqibətini nəzərə alsaq, yeni gəncliyin hələ gücə cevrilmədiyini və İbrahimbəyova gərəkən dəstəyi verə bilməyəcəyi qənaətinə gələ bilərik. İbrahimbəyovun hərəkatı o zaman güclü olacaq ki, islamçılar orda olsun. Amma İrana bağlı qüvvələrin Rusiya meylli hərəkatda təmsilçiliyi real görünmür.

Aydın

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00