Dörd milyondan artıq insanın humanitar ehtiyacları təmin olunmur

Dünya ölkələrində baş verən iqtisadi tənəzzül miqrant problemini aktual məsələyə çevirib. Artıq bir çox Avropa ölkələri rəsmi şəkildə miqrant qəbulunu dayandırıb. Məsələ orasındadır ki, miqrant qəbul edən inkişaf etmiş ölkələr belə onların elementar humanitar ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər. Elə bu səbəbdən də bəzi beynəlxalq təşkilatlar sözügedən problemdən çıxış yolu axtarırlar.

Azərbaycanda isə məcburi köçkün problemlərinin həlli dövlət siyasətinin prioriteti elan edilib

Dünya ölkələrində baş verən iqtisadi tənəzzül miqrant problemini aktual məsələyə çevirib. Artıq bir çox Avropa ölkələri rəsmi şəkildə miqrant qəbulunu dayandırıb. Məsələ orasındadır ki, miqrant qəbul edən inkişaf etmiş ölkələr belə onların elementar humanitar ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər. Elə bu səbəbdən də bəzi beynəlxalq təşkilatlar sözügedən problemdən çıxış yolu axtarırlar. Məsələ Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında da aktual olub. Millət vəkili, Azərbaycan Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA yaz sessiyasında "Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" adlı qətnamə layihəsinin müzakirəsi zamanı qeyd edib ki, heç bir beynəlxalq sənəddə, beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrdə Azərbaycanın işğal altında olan şəhər və rayonlarının adı dəyişdirilməyib. Bu qətnamə layihəsində Azərbaycan ərazilərinin adını dəyişdirməklə ermənilər növbəti saxtakarlıqları ilə yenə də beynəlxalq hüquqa zidd gedirlər. Ermənistan dövləti bununla bir daha öz işğalçı mahiyyətini ortaya qoyur. O, Azərbaycan şəhər və kəndlərinin adlarının ermənilər tərəfindən məqsədyönlü şəkildə dəyişdirilməsinə etirazını bildirib. Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan Sahibə Qafarova qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü 20 faiz ərazilərimizin işğalı və bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Bu münaqişə nəticəsində Ermənistan bütün beynəlxalq çağırışlara və hüquqi sənədlərə məhəl qoymayaraq azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirib, qadın və uşaqlar amansızlıqla qətlə yetirilib. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında mülki əhaliyə qarşı cinayət, Xocalı soyqırımını törədib: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didərgin salınmış bir milyon qaçqın və məcburi köçkün problemlərinin həlli dövlət siyasətinin prioriteti elan edilmiş, ölkədəki çadır şəhərcikləri ləğv olunmuş, 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınmış, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması təmin olunub". Millət vəkili bildirib ki, qaçqın və məcburi köçkünlərin problemləri çoxistiqamətlidir. Onların inteqrasiyası, sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması ən əsas humanitar ehtiyaclardır. Amma bu insanlar üçün ən birinci məqsəd öz torpaqlarına qayıtmaqdır. S.Qafarova vurğulayıb ki, Assambleyada artıq bir neçə dəfə miqrant, qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı müzakirələr keçirilib: "Bu məsələ Avropa üçün çox vacibdir. Çünki 4 milyondan artıq insan öz ölkələrində silahlı münaqişələr ucbatından Avropaya sığınıb. Ümumiyyətlə, mülki əhalinin öz yurd-yuvasından zorla köçürülməsi, məcburi deportasiya olunması insanlıq əleyhinə cinayətdir. Ona görə də Avropada sığınacaq tapmış 4 milyondan artıq insanın humanitar ehtiyacları təmin olunmalı, onların hüquqları qorunmalıdır".
Millət vəkili Elşad Həsənov bildirib ki, "dondurulmuş münaqişələr" Avropa qitəsi üçün ən ciddi təhdiddir. Bu baxımdan Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişə regional təhlükəsizliyə təhdid yaradır: "Ermənistan Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalını davam etdirir. Bu ərazilər isə beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Müzakirə etdiyimiz qətnamə layihəsində həmkarlarım Azərbaycanın işğal altında olan kəndlərinin adlarına dair çaşqınlıq yaradan səhvlərin düzəldilməsini tələb etdilər. Biz bu adların Azərbaycan dilində qeyd edilməsini israr edirik". Millət vəkili qeyd edib ki, məcburi köçkünlərin əsas humanitar ehtiyacları tezliklə doğma torpaqlarına qayıtmaq və orada yaşamaqdır. Ermənistanın təcavüzü nəticəsində doğma yurdundan didərgin salınmış azərbaycanlı məcburi köçkünün ən böyük arzusu məhz budur: "1990-cı illərin əvvəllərində təxminən bir milyon Azərbaycan vətəndaşı öz doğma torpaqlarını, evlərini tərk edərək paytaxt Bakı və digər böyük şəhərlərə üz tutdular. O zaman 7 milyon Azərbaycan əhalisinin təxminən bir milyonu məcburi köçkün idi. Sosial, iqtisadi, demoqrafik və ən əsası insani baxımından belə bir köç ölkə üçün humanitar çətinlik yaratdı. Məcburi köçkünlərin humanitar ehtiyacları barədə danışarkən, onların mənzil, təhsil, səhiyyə və məşğulluq məsələlərinə diqqət yetirməliyik. 1990-cı illərin ortalarından etibarən Azərbaycan hakimiyyəti məcburi köçkünlərin ehtiyaclarını və problemlərini mərhələ-mərhələ həll etməyə başladı. Bunun üçün böyük miqdarda maliyyə vəsaiti, ciddi səy və texniki yardım tələb olundu. Azərbaycan məcburi köçkünlərin problemlərinin öhdəsindən gəldi. Bu baxımdan biz məcburi köçkünlərin problemlərinin, eləcə də humanitar böhranın həlli ilə bağlı real təcrübəmizi bölüşməyə hazırıq". Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin təklif və israrları ilə AŞPA "Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" adlı qətnamə layihəsinə 4 düzəliş edib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31