Aydın Mirzəzadə: "Yeni seçki modelləri axtarırıq"
16 Yanvar 2013 15:48 Siyasət"Yeni Azərbaycan Partiyası demokratik təşkilat olduğuna görə, istənilən seçkinin rəqabət şəraitində keçməsini istəyir. Onun qarşısında hansı rəqibin olmasının əhəmiyyəti yoxdur". Bu sözləri YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Hakim partiyanın 2013-cü ilin prezident seçkilərində necə rəqiblə mübarizə aparmasını istəyirsiniz" sualını cavablandırarkən deyib. Millət vəkili Publika.Az-a açıqlamasında bildirib ki, YAP qarşısındaki rəqibini zəif və ya güclü olaraq qiymətləndirmir: "Mübarizəyə qoşulan hər siyasi partiya, lider bizim rəqibimizdir. Rəqiblərimizin necə olması bizim deyil, onların seçimidir. Hər bir siyasi qüvvə öz namizədini irəli sürür, siyasi platformasını, problemlərin həllinə yanaşmasını ortaya qoyur və seçici də öz seçimini edir". A.Mirəzadə hakim partiyanın seçkiyə hazırlığından da danışıb: "Bütün qüvvəmizi müasirləşməyə, daha da demokratikləşməyə və xalqla əlaqələrimizin güclü olmasına yönəltmişik. Cəmiyyətin əhval-ruhiyyəsini öyrənirik, yeni seçki modelləri, formatlar axtarırıq. Qarşı tərəfin isə necə olmasının bizim üçün əhəmiyyəti yoxdur".