AXCP Müsavatı dağıdır - ANALİZ
Müsavatdan istefaların arxasında Əli Kərimli dayanır
16 Yanvar 2013 18:01 SiyasətMüsavatda istefalar başlayıb. Partiyanın Ağcabədi rayon təşkilatının bir sıra üzvü AXCP-ın sırasına keçdi. Müsavatçıların Cəbhəyə keçidi Azərbaycan mətbuatında bomba kimi partladı. Müsavat yetkililəri məlumatı təkzib etsələr də saytlarda artan məlumatlar müsavatçılara "transfer həbi"ni udmaq məcburiyyətində qoydu. Müsavatçıların gözlənilmədən partiyaya düşmən mövqeyində olan AXCP-yə keçməsi özündə qaranlıq məqamları gizlədir. Prezident seçkilərinə xeyli müddət qalmasına baxmayaraq AXCP və Müsavat arasındakı soyuq savaş açıq müstəviyə keçib. İki partiya arasında gərginliyin yaranmasına rəvac verən sədr Əli Kərimlidir. AXCP yetkililəri İsa Qəmbərin Əbülfəz Elçibəyin öldürülməsi faktorundan Əli Kərimliyə qarşı məharətlə istifadə etməsi qənaətindədirlər. Sədr Əli Kərimli də Müsavat başqanından qisas almaq, həm də müxalifət daxilində İsa Qəmbərin xeyrinə olan status-kvonu öz maraqlarına uyğun dəyişmək üçün müxtəlif variantlardan istifadə edir. Əli Kərimli başqan İsa Qəmbər və Müsavatın vuran əli hesab olunan Arif Hacılını nüfuzdan salır. Sosial şəbəkə və mətbuatda İsa Qəmbər, Arif Hacılı AXCP sədri Əli Kərimli və müavinlərinin tənqidlərinə məruz qalırlar. AXCP fəallar sosial şəbəkələrdə Müsavat başqanını təhqir edirlər. AXCP sədri indi də seçkilərə qədər Müsavatı siyasi proseslərdən kənarda saxlamaq üçün partiya üzvlərini öz tərəfinə çəkməyə başlayıb. AXCP-ın əsas hədəfində Müsavatın rayon yerlərində olan təşkilat üzvləridir. Məlumata görə, yaxın günlərdə Ağcabədidən sonra Müsavat partiyasının Ağdam, Bərdə, Saatlı, Sabirabad, Gəncə və Lənkəran rayon təşkilatlarından da AXCP-a transferlər olacaq. Adının gizli saxlanımasını istəyən Müsavat fəalı deyir ki, Əli Kərimli, Asəf Quliyev və Fuad Qəhrəmanlı uzun müddətdir ki, rayonlarda bu işlə məşğuldurlar. Müsavat üzvünün sözlərinə görə, məhz bu səbəblərə görə, Asəf Quliyev və Fuad Qəhrəmanlı tez-tez bölgələrdə olurlar. İsa Qəmbərin namizədliyini rəsmən təsdiq etdiyi vaxt AXCP-ın Müsavata açıq şəkildə düşmən mövqeyinə keçməsinin əsl səbəbi partiya İsa Qəmbəri nüfuzdan salaraq Əli Kərimlini müxalifətin vahid namizədi kimi seçkilərə göndərmək istəyir. Digər tərəfdən AXCP müxalifətdə İsa Qəmbəri dəstəkləyən partiyaları da öz tərəfinə çəkmək niyyəti güdür. Müsavat üzvünün sözlərinə görə, Əli Kərimli Müsavat üzvlərini şirnikləndirici vədlər verir. Həmçinin AXCP-ın bölgə təşkilatları rayonlarda Müsavat əleyhinə təbliğat aparırlar. Ən maraqlısı da ondan ibarətdir ki, AXCP bəzi Müsavatyönümlü politoloqları öz tərəflərinə çəkərək mətbuatda Müsavat əleyhinə açıqlamalar verməsini xahiş edirlər. Son zamanlarda İsa Qəmbərin nüfuzunun aşağı salınmasının da səbəbi budur. İsa Qəmbərin namizəd məsələsində Əli Kərimliyə alternativ olması AXCP sədrinə böyük zərbədir. Çünki, Müsavat başqanı AXCP sədri ilə nisbətdə müxalifət daxilində nüfuza malikdir. Məhz seçkilərdə də İsa Qəmbər müxalifət partiyalarının çox böyük dəstəyini ala bilər. Əli Kərimli Müsavat-AXCP duelindən qalib ayrılmaq istəyir. Sədr elə birinci raundda başqanı nakauda salıb oyundan kənarlaşdırmaq istəyir. İndiki məqamda da AXCP sədri üçün ən düzgün qərar Müsavatı öz əli ilə sillələməkdir. AXCP-ın Müsavatla güclənməsi iki partiya arasındakı münasibətləri dalana dirəyəcək. Əli Kərimli tərəfindən atılan kiçik bir çöp belə başqan İsa Qəmbər tərəfindən dəyərləndiriləcək. Bu faktor isə iki pariya arasında uzun zamandır davam edən "soyuq müharibə"ni qaynarlaşdıracaq. İndiki halda Əli Kərimli öz heyətini müsavatçılarla gücləndirdiyi üçün özünü bu işdən karlı hesab edir. Bu heç də belə deyil. Çünki, Əli Kərimli özünə rəqib bildiyi İsa Qəmbər tərəfdarlarını sıralarına çəkməklə AXCP barədə deyilən perspektiv zəifliyi sindromunu sübut edir. Müsavat və AXCP arasında intensiv artan soyuqluq İctimai Palatanı dağıdacaq.
Mənsur Rəğbətoğlu