“Söyün Sadıqov bazar təfəkkürü ilə uzağa gedə bilməz” - AÇIQLAMA
HDİM sədri İlham Əliyev: “Onun Azərbaycan haqqında danışması isə azərbaycanlılara hörmətsizlikdir”
16 Yanvar 2013 15:07 Siyasət"Rusiyada da dələduz kimi tanınan, bazar təfəkkürlü Söyün Sadıqov Azərbaycan hakimiyyətinin və dövlətinin Rusiya prezidenti Vladimir Putinin təsir dairəsində olması haqqında səsləndirdiyi sərsəm fikirləri erməni diasporası sifariş edir". Bu fikirləri Rusiya Azərbaycanlılarının Mədəni-Milli Muxtariyyəti - "AzerRos"un prezidenti Söyün Sadıqovun Azərbaycanla bağlı müsahibəsinə münasibət bildirən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev bildirib. HDİM sədri deyib ki, Sadıqov bazar düşüncəsi ilə uzağa gedə bilməz: "Ən yaxşı halda o Rusiya agenturasının əl altısı ola bilər. Bəlkə də artıq agentidir. Onun Azərbaycan haqqında danışması isə azərbaycanlılara hörmətsizlikdir. Söyün Sadıqov Rusiya vətəndaşıdır, Azərbaycan dilində erməni ləhcəsində danışır. Bu mənada onun Azərbaycana heç bir aidiyyəti yoxdur".
İ.Əliyevin sözlərinə görə, S.Sadıqov müxalifətlə əməkdaşlıq edir: "O, vaxtaşırı olaraq AXCP sədri Əli Kərimli ilə telefon əlaqələri saxlayır, internetdə skayp vasitəsi ilə danışıqlar aparır. Əli Kərimli Söyün Sadxıovun AXCP-ni himayə etməsini istəyir". HDİM sədri deyib ki, Azərbaycanda ictimai-siyasi vəziyyət kifayət qədər sabitdir və sabitliyi pozmaq mümkün deyil: "Azərbaycanda mövcud olan müxalifətin müəyyən bir hissəsi və xaricdə oturub, bozbaş yeyə-yeyə Azərbaycana qarşı antimilli fəaliiyət yolu tutan Söyün Sadıqov kimilər ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq və müəyyən bir gərginlik yaratmağa çalışırlar. Buna isə onlar nail ola bilməyəcəklər". "OLAYLAR"İA