Ombudsman Milli Məclisdə hesabat verdi
Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında əvvəlcə spiker Oqtay Əsədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamları ilə müxtəlif vəzifələrə təyinat almış deputatları təbrik edib. Bunu dövlət başçısının parlamentə etimadı kimi dəyərləndirib.
24 Aprel 2018 15:05 SiyasətMilli Məclisin aprelin 24-də keçirilən plenar iclasında əvvəlcə spiker Oqtay Əsədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamları ilə müxtəlif vəzifələrə təyinat almış deputatları təbrik edib. Bunu dövlət başçısının parlamentə etimadı kimi dəyərləndirib. Ardınca Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci ilin illik hesabatını təqdim edib. E.Süleymanova bildirib ki, məhkumların bir qismi onların öz ölkələrinə təhvil verilmələrinə köməklik göstərilməsi ilə bağlı Ombudsmana müraciət edib. Bu müraciətlər əsasında aidiyyəti qurumlara sorğular verilib və müvafiq araşdırmalar aparılıb. 2017-ci ildə Azərbaycan vətəndaşı olan 53 həbs edilmiş şəxs və məhkum xarici dövlətlərdən təhvil alınıb, 81 həbs edilmiş şəxs və məhkum isə xarici dövlətlərə göndərilib. Bundan başqa, Bakı şəhərində bəzi tikinti şirkətləri tərəfindən inşa edilərək istifadəyə verilmiş və tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin hər birinin şirkət rəhbərliyi tərəfindən ən azı 2-3 adama satılması ilə bağlı Ombudsman Aparatına müraciətlər olunub. Qeyd olunub ki, Ombudsmana edilən bəzi müraciətlərdə bir sıra mənzil-tikinti kooperativləri tərəfindən Tarif (qiymət) Şurasının tələblərinə zidd kommunal normativlərin müəyyən edilməsi, sakinlərlə bağlanılmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması kimi hallar yer alıb. İqtisadiyyat və vergilər nazirlikləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MTK-larda birgə monitorinqlərin aparılması, qeyd edilən qanunsuzluqların aşkar edilərək qarşısının alınması üzrə qanun çərçivəsində tədbirlər görülməsi məqsədəmüvafiq hesab olunur. Həmçinin hesabatda sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarına yol verilməsi məsələsi qeyd olunub. Sənəddə göstərilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var. İnsan Hüquqları üzrə Müvəkklil (Ombudsman) məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edib. Əlavə edib ki, uşaq bağçalarında mövcud olan yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır. E.Süleymanova bildirib ki, Ombudsman Aparatına özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz qalması kimi hallar barədə çoxsaylı müraciətlər daxil olub. Odur ki, həkim-xəstə münasibətlərinə ciddi yanaşılmalı, xəstələrin, o cümlədən, həkim müalicəsindən ziyan çəkən pasiyentlərin hüquqlarının təmin edilməsi üzrə yeni qanunvericilik aktlarının qəbul edilməsi lazımdır.
Hesabat səsə qoyularaq qəbul edildikdən sonar millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər. Belə ki, yeni hazırlanan "Məşğulluq haqqında" qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin əmək və social siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur.İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir. Layihədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünə məşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur. Yeni maddə ilə özünə məşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib. Layihəyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər. İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr edilib, peşə hazırlığı dövründə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. O qeyd edib ki, bu məbləğ hazırki məbləğdən (75 manat) 1.7 dəfə çoxdur. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib ki, "Məşğulluq haqqında" qanun layihəsi məşğulluq sahəsində ən vacib qanundur: "Bildiyiniz kimi məşğulluq siyasəti sosial siyasətimizin əsasını təşkil edir. Ölkə başçısı bütün müşavirələrdə bu məsələyə toxunur. Bunu önə gətirən məsələlər var ki, bu da demoqrafik vəziyyədir. İnsan resurslarının inkişafı Azərbaycanda həyata keçirilən siyasətin tərkib hissəsidir. Layiqli iş yerlərinin yaradılması aktiv əmək bazarlarının yaradılması qarşıya qoyulan məqsəddir". Nazir müavini bildirib ki, aktiv əmək bazarları ilə bağlı tədbirlər hərtərəfli şəkildə öz əksini tapıb: "Bunlar əmək haqqının maliyyələşmə prinsipi ilə bağlı öhdəliklərdir. Əgər qanun qəbul olunarsa, dövlət hansı iş yerə göndərəcəksə onun əmək haqqının 50 faizini dövlət qarşılayacaq. Bu qanun layihəsinin əvvəlkindən əhəmiyyətli dərəcə fərqlidir. Əgər qanun qəbul olunarsa, iş axtaranların təminatı və sosial məsələləri həll etmək imkanı əldə ediləcək. Deputatlara öz müsbət fikirlərini irəli sürməsini xahiş edirəm. Verilən təklifləri də növbəti müzakirələrdə nəzərə alınacaq". Qanun layihəsi müzakirədən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.
Alim