Böyü Turan ideyası gerçəyə çevrilir - REGİON
Türk birliyinin yaranması üçün tarixişans yaranıb
16 Yanvar 2013 14:15 SiyasətTürkiyə, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan 7 müstəqil türk dövlətini təşkil edir. Gənc əhali, güclü iqtisadiyyat, qida, yenilməz ordu, hərbi güc, kənd təsərrüfatı, neft, təbii qaz, su qaynaqları, daş kömür kimi əhəmiyyətli ehtiyyatlara sahib olan bu coğrafiya gələcəyin Böyük Turan dövlətidir. Kifayət qədər güclü strateji şərait və insani ehtiyyatlarına görə 7 müstəqil türk dövləti tarixi Turan ideyasını gerçəkləşdirə bilər. Həmin bu dövlətlər birlik nümayiş etdirsələr, bu addımı ata bilərlər. İlk öncə bu ideyanı həqiqətə çevirmək üçün türk dövlətlərinin ortaq platforması yaradılmalıdır. Bu birlik çərçivəsində istənilən gücə - Qərb, Rusiya, ABŞ, Çin və İrana qarşı gəlmək də olar. Hansı ki, həmin dövlətlər əsl türk düşmənləridir. Sadəcə olaraq türklər öz insani potensialını birləşdirməlidirlər. Hələ Türkiyənin mərhum baş naziri Bülənt Ecevid 1992-ci ildə Skandinaviya ölkələrinin "Şimal Şurası"na bənzər "Türk Şurası" yaradılması təklifi ilə çıxış etmişdi. Ancaq, bu təklif Sovetlərdən çıxmış türk dövlətləri üçün elə də cəlbedici görünmürdü. Çünki, həmin dövlətlər Kreml tərəfindən bilərəkdən qarışdırılmışdı. Türkiyə prezidenti Turqut Özal da 90-cı illərin əvvəllərində İstanbulda Çırağan sarayında türk dövlətlərinin zirvə toplantısında "Türk Dövlətlərinin Birliyi"nin yaradılması ideyasını irəli sürmüşdü. Əgər həmin ideya baş tutsaydı "TDB" NATO kimi güclü hərbi təşkilata çevriləcəkdi. Lakin, Özalın qəfil ölümü və ABŞ, Aİ-nin əngəlləri sayəsində bu ideya baş tutmadı. Bir müddət öncə Özalın zəhərlənərək öldürülməsi faktı onu göstərdi ki, Özal məhz bu ideyasına görə ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib. Keçən müddət ərzində də bu ideya ətrafında ümumiyyətlə heç bir iş görülməyib. Türk dövlətlərinin QHT-lərinin cəhdlərini nəzərə almasaq dövlət səviyyəsində bir dəfə də olsun Turan planı ətrafında ciddi sayılacaq müzakirələr aparılmayıb. Dili, milli mənsubiyyəti, tarixi, mədəniyyəti bir olan türklərin bütün ortaq cəhətləri sosializm dövründə Kreml tərəfindən düşünülmüş şəkildə unutdurulurdu. Baxmayaraq ki, Qazaxıstana səfəri zamanı Nursultan Nazarbayev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana "Bura türk kimi gəl, dindar kimi yox!" deyib. Əlbəttə ki, forma baxımından türk olan Nazarbayevin bu addımı düzgün hal hesab olunur. Lakin, Nazarbayev Rusiya prezidenti Vladimir Putinin "Vahid Gömrük Sistemi" layihəsinə müsabət yanaşır. Odur ki, Ərdoğana "Türk kimi gəl" deməsi hansı dərəcədə səmimiyyətə yaxındır, bunu demək o qədər də çətin deyil. Hər-halda AKP hökumətinin də Turan Dövləti uğrundakı səyləri də təqdirə layiq hal deyil. Hər-halda Nazarbayevdən fərqli olaraq Ərdoğan öz ölkəsində sevilən siyasi liderdir. Lakin, bu sevilməklik o demək deyil ki, AKP hökuməti Turan ideyası üçün heç nə etməli deyil. Bu ideya ətrafında Türkiyə ona görə tənqid obyektidir ki, Türkiyə türk dövlətlərinin böyük qardaşı hesab olunur, həm gücünə, həm də nüfuzuna görə... Siyasi analitiklər Türkiyənin ortaq türk platformasının yaradılmasına səthi yanaşmasına onunla izah edirlər ki, Türkiyənin hakimiyyət dairələrində yetəri qədər kürd və qeyri-millətlər vəzifə daşıyırlar. Qazaxıstan, Özbəkistan və Qırğızıstana gəlincə isə, tam açıq şəkildə demək olar ki, həmin türk dövlətləri Turan ətrafında birləşməkdənsə, Rusiya dəyərlərinə üstünlük verməyi daha üstün hesab edirlər. Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistanın Putinin "Avrasiya İttifaqı" layihəsinə qoşulması an məsələsidir. Şimali Kipr Türk Respublikası isə sadəcə olaraq böyük türk dövlətlərinin atacağı addımı gözləyir. Xakasiya, Qaraçay-Çərkəz, Başqırdıstan, Yakutiya, Tatarıstan, Çuvaşiya Rusiyada mövcud olan türk muxtar qurumlarıdır. Digər tərəfdən RF-da Sibir tatarları, qumık və Krım tatarları kimi milyonlarla türk millətləri və 3 milyondan çox Azərbaycan türkü yaşayır. Rusiya Moskvadan Kamçatka yarımadasınadək türk coğrafiyasıdır. Məhz Turan ideyası ətrafında RF türklər tərəfindən yıxıla bilər. Rusiyanın yeni təyin olunmuş müdafiə naziri əslən türk olan Sergey Şoyqudur. Şoyqunun bu posta təyin olunması Turan ideyası üçün əlverişli məqam hesab olunmalıdır. Çin Tayvan, Tibet, Şərqi Monqolustan və Şərqi Türküstanla kifayət qədər düşmən mövqeyindədir. Lakin, bu güclərin Çinə o qədər də sarsıdıcı təsir edəcəklərini demək bir az qəliz məsələdir. Ancaq, Çinə qarşı hər bir kiçik müdaxilə belə Çin kimi hegemon ölkədə yaşayan milyonlarla etnik azlığı və Çinə qarşı olan digər xarici qüvvələri (ABŞ, İngiltərə, Aİ, NATO) ayağa qaldıra bilər. Bu faktor uyğurların müstəqillik əldə etməsinə yardımçı olacaq. Torpaqları işğal altında olan və beynəlxalq ictimaiyyət tərəfindən haqlılığı qəbul edilən Tibet məhz bu cür münbit şəraitin yetişməsini gözləyir. Turan ideyasına atılacaq bir addım İrandakı Əhmədinejad hakimiyyətini və molla rejimini 45 milyonluq Azərbaycan türkünün əlində əzəcək. Çünki, Güney azərbaycanlılar kimi türkçülük gələnəklərinə uzun zaman sadiq qalan ikinci türk dövləti yoxdur. Türkiyə tərəfindən bu istiqamətdə qəbul ediləcək adekvat qərar Azərbaycan Respublikasını öz arxasınca aparacaq. 50 milyonluq əhalisi ilə Azərbaycan Turanın böyük bir parçası olacaq, təbii ki, Qarabağla, Zəngəzur və Göyçə, Güney Azərbaycanla... Kamçatka yarımadasından Piriney yarımadasınadək, Şimal Buzlu okeandan Balkan yarımadasınadək türk coğrafiyasıdır. Turan ideyasını gerçəkləşdrimək üçün ilkin mərhələdə ortaq türk dili, türk dövlətlərinin müştərək mərkəzi, hərbi təşkilatı, ortaq pul vahidi yaradılmalıdır. Bu mərhələdən sonra ideya kimi qəbul edilən "Ümumdünya Türk Evi" yaradılmalıdır. Konkret olaraq Turan Konfederasiyasının yaradılması istiqamətində cəhdlər edilməlidir. Əgər türk dövlətləri ortaq məxrəcə gəlsələr, Turan konfederasiyasının yaradılmasını elan etmək olar. İstənilən halda dünyanın heç bir siyasi qütbü (Rusiya, ABŞ, Aİ, İran, İsrail, Çin) Turana qarşı gəlmək iqtidarında olmayacaq. İstər nüfuz dairəsinə, istər universal gücünə, istər insani potensialına, istərsə də müstəqil türk dövlətlərinin sayına görə olsun Turan ideyasını həqiqətə çevirmək üçün çox gözəl münbit şərait var.
Mənsur Cəfərli