“Müxalifətin vahid namizəd axtarışı nəticə verməyəcək” - MİLLƏT VƏKİLİ
Məlahət İbrahimqızı: “Hətta, alınsa belə bu, ölkədəki ictimai-siyasi proseslərə heç bir ciddi təsir göstərməyəcək”
16 Yanvar 2013 13:30 Siyasət"Qarşıdan gələn prezident seçkilərində nəinki partiyamızın, ümumilikdə Azərbaycan xalqının prezidentliyə vahid namizədi ölkə Prezidenti cənab İlham Əliyev olacaq. Bu gün Azərbaycan siyasi mühitində ölkə başçısına alternativ ola biləcək ikinci bir güclü siyasətçi, siyasi lider, rəqib namizəd yoxdur". Bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Məlahət İbrahimqızı dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, hakim partiya zamanı yetişəndə-seçkilər yaxınlaşan ərəfədə növbəti qurultayını keçirərək, prezidentliyə namizədini rəsmiləşdirəcək: "YAP-ın öz namizədini hələlik rəsmi şəkildə irəli sürməməsi məsələsi ətrafında uzun müddətdən bəri müxalifət düşərgəsində və mediasında ortaya atılan iddiaların heç bir əsası və həqiqətlə bağlılığı yoxdur. Hakim partiya fəaliyyətində daim öz nizamnaməsindən və proqramından irəli gələn məsələləri rəhbər tutub, bunlara olaraq, öz fəaliyyətini qurub, tənzimləyib. Odur ki, zamanı çatanda hakim partiya nizamnamə və proqramına uyğun olaraq qurultayını çağıracaq və prezidentliyə namizədi rəsmiləşdirəcək. Ancaq bununla belə, uzun müddətdən bəri bu məsələ ətrafında spekulyasiyalar edənlərə, cəmiyyətə dezinformasiyalar ötürüb, onda çaşqınlıq yaratmağa cəhd göstərənlərə üzümü tutub demək istəyirəm ki, heç nəyə nail ola bilməyəcəksiniz". Onun sözlərinə görə, YAP -ın mövcud siyasi komandası hər zaman olduğu kimi, builki seçkilərə də öz yeganə, vahid namizədi ilə monolit bir qüvvə şəklində gedəcək və növbəti möhtəşəm qələbəsini əldə edəcək: "Budəfəki seçkilərdə də xalq öz müdrik siyasi liderini, dövlət rəhbərini yenidən 5 il müddətinə ölkə Prezidenti seçəcək və müxalifətə, xüsusilə, onun radikal qanadına bir daha "yox" deyəcək. Azərbaycan xalqı öz seçimini artıq çoxdan müəyyənləşdirib və bu seçimində də, həyat göstərdi ki, yanılmayıb". M.İbrahimqızı eyni zamanda bildirib ki, müxalifətin, onun radikal kəsiminin vahid namizəd axtarışı bu dəfə də alınmayacaq və hətta, alınsa, belə, ölkədəki ictimai-siyasi proseslərə heç bir halda ciddi təsir göstərməyəcək: "Radikal, barışmaz müxalifət liderləri bu günə qədər bir addım olsun belə, öz iddialarından, ambisiyalarından geri çəkilməyiblər. Üzdə "müttəfiqlik" görüntsü yaratmağa çalışsalar da, fürsət düşdükcə daim biri-birilərini sıradan çıxarmağa, siyasi səhnədən uzaqlaşdırmağa cəhd göstəriblər. Hər biri ancaq özünü vahid namizəd, prezidentliyə əsl namizəd olaraq görüb və nəticə də göz qabağındadır. Hər dəfə seçkilərdə Azərbaycan xalqının sərt münasibəti ilə üzləşərək, acı məğlubiyyətə düçar olublar. Bu dəfə də məhz belə olacaq, növbəti uğursuzluqla qarşılaşacaqlar, bu, birmənalıdır".