Ermənilər status-kvonu saxlamağa çalışırlar - ŞƏRH
16 Yanvar 2013 13:28 Siyasət"Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesi dalana dirənib". Bunu deyən millət vəkili Rasim Musabəyovun sözlərinə görə, danışıqlar prosesinin dalana dirənməsi və faktiki olaraq durğunluq mərhələsinə qədəm qoyması ermənilərin danışıqlar prosesində tutduqları qeyri-konstruktiv mövqe ilə bağlıdır: "Onlar bu yolla işğal altında saxladıqları əraziləri leqallaşdırmağa, eləcə də onlara sərf edən hazırkı status-kvo vəziyyətini saxlamağa çalışırlar". 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair gözləntilərinə gəlincə, millət vəkili bildirib ki, cari ildə Ermənistan-Azərbaycan konfliktinin çözümü istiqamətində kifayət qədər intensiv danışıqlar müşahidə olunacaq: "Rəsmi mövqeyimiz ondan ibarətdir ki, prinsipləri sonadək çeynəmək faydasızdır. Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərlərinin bəyanatında prinsiplərin əsas maddələri səsləndirilib. Səslənən hissəyə Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Astana sammitində müsbət cavab veriblər. Belə olan halda, konkret müqavilə imzalamaq lazımdır. Elə bir müqavilə imzalanmalıdır ki, burada tərəflərin atacağı addımların bütün ardıcıllığı öz əksini tapsın. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi təkid edir ki, həmsədrlər konkret sülh müqaviləsini hazırlamağa başlasınlar. Hesab edirəm ki, həmsədrlər müqavilə ətrafında işlərini aparacaqlar".