Ermənistan Dağlıq Qarabağ tənzimlənməsinin praktiki mərhələyə keçməsinə imkan verməyəcəksə,...
Ermənistanda seşki həyəcanı çoxdan bitsə də, lakin hələ də gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Xüsusilə, sabiq prezident Serj Sərkisyanın hakimiyyəti yenidən əldə saxlamaq üçün baş nazir postuna yiyələnməsi bu ölkədə ciddi etirazlarla qarşılanıb. Artıq bir neçə gündür ki, erməni cəmiyyəti Sərkisyanın hakimiyyəti zəbt etməsinə qarşı ayaqdadır və İrəvanda kütləvi aksiyalar keçirilir.
18 Aprel 2018 14:49 SiyasətMübariz Əhmədoğlu: "O zaman Ermənistan Azərbaycan ordusu ilə danışıqlar aparmalı olacaq"
Ermənistanda seşki həyəcanı çoxdan bitsə də, lakin hələ də gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Xüsusilə, sabiq prezident Serj Sərkisyanın hakimiyyəti yenidən əldə saxlamaq üçün baş nazir postuna yiyələnməsi bu ölkədə ciddi etirazlarla qarşılanıb. Artıq bir neçə gündür ki, erməni cəmiyyəti Sərkisyanın hakimiyyəti zəbt etməsinə qarşı ayaqdadır və İrəvanda kütləvi aksiyalar keçirilir. Ermənistanda cərəyan edən prosesləri özünün ənənəvi mətbuat konfransında şərh edən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistan postseçki dövrə güclü imitasiya resursu ilə daxil olur. Onun sözlərinə görə, Ermənistanın şəriksiz, avtoritar lideri S.Sərkisyanın Ermənistandakı seçki prosedurları dövründəki davranışının maraqlı trayektoriyası var: "Serj Sərkisyan Münhendə təhlükəsizlik konfransı zamanı azərbaycanlıların Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasının mümkünlüyünü bildirdi. Həmçinin Sərkisyan "İzvestiya" qəzetinə müsahibəsində ATƏT-in Minsk Qrupunun təkliflərinə seçici münasibət nümayiş etdirir. 2007-ci ilin ATƏT-in Minsk Qrupunun xarici işlər nazirlərinin imzaladığı Madrid prinsiplərinə və 2011-ci ilin Kazan sənədinə "hə", 2009 cu ildə qrupun ölkə prezidentlərinin imzaladığı Yenilənmiş Madrid prinsiplərinə "yox" deyir. Parlamentdəki prezident səlahiyyətlərini baş nazir səlahiyyətləri ilə əvəzləyərkən çıxışı zamanı da hər şeyi özünə lazım olan kimi izah etdi. Serj Sərkisyanın başı əsil uşaq baxçasıdır. Qondarma Dağlıq Qarabağın de-fakto başçısı B.Saakyan da ABŞ-da olarkən azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasının mümkünlüyünü bildirdi". Politoloq deyir ki, Ermənistanda referendum haqqında qanun qəbul edilir. Əksər ekspertlərin fikrincə, referendum haqqında qanunda əsas məqsəd Ermənistanın Dağlıq Qarabağla əlaqəli siyasətini referenduma çıxarmaqdır: "Başqa sözlə, işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılmasını guya erməni xalqı referendumla həll edəcək. Ermənistan ordusunun baş ştabının rəisi Movses Akopyanın fikrincə, 2016-cı ilin aprel döyüşlərində ermənilərin itirdiyi torpaqların taleyini erməni xalqı müəyyənləşdirəcə. Bu da M.Akopyanın dilindən Ermənistanın hakim elitasında Dağlıq Qarabağ məsələsinin referendum yolu ilə həllinəhazırlığın bir əlaməti idi". Mübariz Əhmədoğlu deyib ki. seçki prosedurları finala yaxınlaşdıqca S.Sərkisyan fikrini dəyişdi və fərqli yanaşmanı ortalığa qoydu: "Mövqeyinin dəyişməsi onun üçün orijinal variant deyil. 2008-ci ildə hakimiyyətə gələndə də o 1 mart qırğınlarının təsirini neytrallaşdırmaqdan ötrü Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyini xeyli yumşaltdı; Azərbaycanlıları Dağlıq Qarabağa dəvət etdi, rəsmi Bakını Dağlıq Qarabağ ermənilərini özünə tərəf çəkməyə dəvət etdi. Qərb 2008-ci ilin 1 mart qırğınlarına lazımi diqqət vermədi və S.Sərkisyan Dağlıq Qarabağ məsələsindəki mövqeyini yenidən sərtləşdirdi. İndi o, eyni tryuku təkrarladı: Seçki prosedurları baş verən dövrdə S.Sərkisyan özünü Dağlıq Qarabağ tənzimlənməsinə hazır tərəf kimi göstərdi və bununla da Qərbin diqqətini cəlb etdi. Qərb Ermənistanda baş verən antidemokratik seçki proseduralarına görə heç bir irad bildirmədi. Artıq seçki proseduraları başa çatıb. Hər şey S.Sərkisyanın istədiyi kimi həllini tapıb. Ona görə o, mövqeyini dəyişir və La Stampa qəzetinə verdiyi müsahibədə artıq S.Sərkisyan Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşdığını bildirdi. Bu vaxtadək S.Sərkisyan Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəyini heç zaman bildirməmişdi. Çünki Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması Ermənistanın ATƏT-in Minsk Qrupundan imtinası anlamındadır. İndi artıq S.Sərkisyan çox aydın siqnallar verdi ki, o Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişib və referendum məsələsini ortalığa atmaqla isə danışıqlar prosesini uzatmaq üçün resurs yaratmış olur. S.Sərkisyanın bu mövqeyinin belə dinamik trayektoriyası yaxın zamanlarda kifayət qədər ciddi təsirli proseslərə yol aça bilər. Naxçıvan məsələsini aktivləşdirməsi görünür, Ermənistan tərəfinin daha böyük hərbi, siyasi şantaja hazırlaşdığını nümayiş etdirir". SİTM rəhbəri deyib ki, Azərbaycan postseçki dövründə Dağlıq Qarabağ tənzimlənməsinə tam hazırdır: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir neçə dəfə Azərbaycan və Ermənistandakı prezident seçkilərindən sonra danışıqların intensivləşəcəyini bildirdi. Azərbaycan tərəfinin belə mövqeyi həmişə Ermənistanda tənqidlə qarşılanıb. Ölkə Prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri və Helsinki Yekun Aktının prinsiplərini əsas kimi təqdim etdi. Az keçmiş ölkə Prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün hüquqi bazanın hazır olduğunu bildirdi və bu məsələdə əsas həlledici məqam kimi Avropa İttifaqının Brüssel sammitində qəbul edilmiş yekun sənədi göstərdi. Bu sənədə görə Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələr dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tənzimlənməlidir. Bu vaxtadək Avropa İttifaqı Ukrayna, Moldova, və Gürcüstan ərazisindəki münaqişələri ərazi bütövlüyü prinsipi əsasında həllini, Dağlıq Qarabağ tənzimlənməsində isə ATƏT Minsk Qqrupunun fəaliyyətinə dəstəyi əsas götürürdü. Amma indi Avropa İttifaqı bütün 4 münaqişənin 4-nə də vahid yanaşma nümayiş etdirir. Azərbaycan Prezidentinin də bu mövqeyi dərhal Ermənistan tərəfdən qınağa tuş gəldi. Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi mövqeyinə görə yalnız ATƏT Minsk Qrupunun sənədləri hüquqi baza rolunda çıxış edə bilər. Bununla da Ermənistan tərəfi Avropa İttifaqının Brüssel sammitində qəbul edilmiş tezisləri inkar etdi". Mübariz Əhmədoğlu deyib ki, Azərbaycanın mövqeyində kifayət qədər ciddi dəyişiklik var: "Azərbaycanda başa düşürlər ki, münaqişənin praktiki tənzimlənməyə keçməsi üçün hökmən ilkin addımda müəyyən dəyişikliklər olmalıdır və Azərbaycan da bu fəlsəfəyə riayət edərək Helsinki Yekun Aktının 3 prinsipini də ayrıca element kimi hüquqi bazaya və yaxud tənzimlənmənin elementləri sırasına daxil etdi. Bütün ekspertlər bilirlər ki, Helsinki Yekun Aktının 3 prinsipi əsasən ermənilərin istinad etdiyi arqumental bazadır. İndi artıq Azərbaycan da həmin bazadan istifadə etməkdə elə də ciddi problem görmür.
Azərbaycanda seçkilər uğurla başa çatıb. Azərbaycan Respublikasının Prezidenti xalqın böyük dəstəyini əldə edib. Eyni zamanda bu İlham Əliyevin həm də Dağlıq Qarabağ tənzimlənməsinə hazır olduğunun göstəricisidir. Hər şey Ermənistandan asılıdır. Azərbaycan diplomatik, siyasi danışıqlar vasitəsilə mövqeyində dəyişiklik edib. Dinc tənzimlənmə ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün lazım olan yol xəritəsini imzalamağa və beləliklə də Dağlıq Qarabağ tənzimlənməsini virtual mərhələdən praktiki mərhələyə keçirməyə hazırdır. Azərbaycan hadisələrin digər inkişafına da hazırdır. Azərbaycan ordusu daim qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyəti izləyib. Ermənilərin bütün təxribatlarının qarşısını alıb. Ermənilər Azərbaycan ordusunun adicə duruş vəziyyətinə görə iri təxribatlara əl ata bilməyiblər.
Başqa sözlə, əgər yaxın zamanlarda Ermənistan Dağlıq Qarabağ tənzimlənməsinin praktiki mərhələyə keçməsinə imkan verməyəcəksə, o zaman Ermənistan Azərbaycan ordusu ilə danışıqlar aparmalı olacaq".
Süleyman