Müsavat başqanı əsas namizəd ola bilməyəcək - SİYASİ ŞƏRH

İsa Qəmbər seçkiyə köhnə qvardiya ilə gedir

Müsavat başqanı İsa Qəmbər seçki hazırlıqlarına artıq başlayıb. Müsavat rəhbərliyinin davranışları göstərir ki, İsa Qəmbər sona qədər seçkidə iştirak edəcək. Bu o anlama gəlir ki, AXCP-nin bütün çabalarına rəğmən vahid namizəd məsələsi baş tutmayacaq. Müsavat başqanının tələsik addımı müxalifət düşərgəsində əks-effekt yaradıb.
Maraqlıdır ki, Müsavat başqanı hansı addımı atırsa, bu, Müsavata divident gətirmir, baş verən istənilən hadisə İsa Qəmbərin əleyhinə işləyir. Hətta Lənkəranda baş verən hadisə belə Müsavata qazanc gətirmədi. Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Lənkəranda baş vermiş insident İsa Qəmbərin ən real namizəd olduğunu "sübut etmək" üçün təşkil olunub. Demokat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, Müsavat başqanı tələsik namizədliyini irəli sürməklə müxalifətə zərbə vurub. ADP sədrinə görə, Müsavat başqanı seçkiyə hakimiyyətə dəstək vermək üçün girir. Göründüyü kimi İsa Qəmbərin seçki fəalliyyəti, vahid namizəd olmaq istəyi heç cürə alınmır. Bu geişlə Müsavat başqanı "əsas namizəd" də ola bilməyəcək. Müxalifətin əsas partiyaları ona dəstək verməyəcək. Müsavata dəstək verməyənlərin və İsa Qəmbəri müdafiə edəcək partiyaların siyahısını indidən tutmaq olar. İndidən bəllidir ki, AXCP, ADP, Ümid, ALP, AMİP, KXCP Müsavatın namizədini müdafiə etməyəcək. Bu partiyaların anti Müsavat blokunda birləşəcəyi də mümkündür. Böyük ehtimalla, Müsavatın olmayacağı və Əli Kərimlini dəstəkləyəcək seçki bloku elə bu tərkibdə olacaq. Bu arada müxalifət Müsavat köhə müttəfiqlərinə üz tutmalı olub. Bu günlərdə Müsavat qərargahında 2003-cü ildə yaradılmış "Bizim Azərbaycan" blokunda təmsil olunmuş partiyaların sədrlərinin toplantısı olub. Toplantıda
Cumhuriyyət Xalq partiyasinin sədri Bədrəddin Quliyev, Əhrar partiyasının sədri Vaqif Hacıbəyli, Demokratik Sağ partiyasının sədri Nizami Təhməzli, Azərbaycan Demokratik İstiqlal partiyasının sədri Şöhrət İsmayıl və Yeni Turan partiyasının sədri Rövşən Məmmədli iştirak ediblər. Xalq Partiyasının sədri Pənah Hüseyn və Əmək partiyasının sədri Arzuman Həsənlli də toplantıda iştirak edib. Xatırladaq ki, "Bizim Azərbaycan" bloku 2000-ci ildə parçalanmış Demokratik Konqresin bazasında yaradılmışdı. Qurum seçkidə yaxşı təşkil olundu, müəyyən qədər də uğur qazandı. Amma prezident seçkilərindən sonra Müsavat qurumdan imtina etdi. Blok iki yerə parçalandı. Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bir neçə müttəfiq partiya ilə qurumun adına iddia etdi. 1 ildən çox Bəyturan blokun toplantısını keçirdi, bəyanatlar yaydı. 2005-ci il parlament seçkilərində artıq BASB yox idi. Amma Müsavatətrafı partiyalar Müsavatın qərargahına gedib-gəlirdilər. Bu gün Müsavat həmin cırtdan partiyalara ehtiyac duyub. Hesab olunur ki, yenə həmin qüvvə mərkəzi yarana bilər. Amma bir şey unudulur ki, indi 2003-cü il deyil və siyasi situasiya xeyli dəyişib. Müsavat əvvəlki gücdə deyil, ana müxalifət sayılmır. Üstəlik, "Bizim Azərbaycan"ın əsas nüvəsini təşkil edən "klassiklər" yoxdu. Partiya gücünü itirib və Müsavatın ətrafında deyil. Deməli, Müsavatın seçkiyə köhnə qvardiya ilə getmə taktikası uğurlu olmayacaq. Müsavat başqanı prezident seçkilərində nə vahid namizəd, nə də əsas namizəd olmayacaq. 2013-cü il prezident seçkilərində müxalifətin favoriti hələ bəlli deyil. Əsas namizəd "Səkkizliyin" namizədi ola bilər. Bir şərtlə ki, Ziyalılar Forumu da ona dəstək versin.
 

Aydın
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00