“Urmiya gölü qurusa, bundan milyonlarla insan zərər çəkəcək” - Elçin Hatəmi
“Molla rejimiinin davranışı göstərir ki, bu gölü qəsdən qurutmaq niyyətindədir və Güney Azərbaycanı bu yolla məhv etmək istəyir”
14 Yanvar 2013 16:09 SiyasətUrmiya gölü dünyanın ikinci duzlu gölü və Yaxın Şərq bölgəsinin sahəsinə görə birinci duzlu, şor gölüdü. 1995-ci ildə Peyk vasitəsi ilə əldə edilən görüntülərə əsasən gölün sahəsi 6100 kvadrat km təxmin edilmişdi. 2011-ci ildə çəkilən görüntülər gölün sahəsinin təxminən 70 faiz quruyaraq azaldıqını göstərdi.
Bir çox elmi tədqiqatlarçılar gölün qurumasının səbəbləri barədə müxtəlif dəlillər gətirirlər. Ekspertlərin fikrincə, gölün qurumasının birinci və ən əhəmiyyətli səbəb gölün su mənbəyi olan təxminən 30 -a yaxın çayın suyunun axınının qarşısını su bəndlərinin inşa edilməsi ilə alınması və bu çayların suyunun kənd təsərrüfatında istifadə olunmasıdı. Türkiyədə yaşayan güneyli politoloq, Milli Hərəkatın fəalı Elçin Hatəminin fikrincə, İran dövlətinin əkinçilərə öz zəmilərini, bağlarını suvarmaq üçün minlərcə artezian quyusunun qazılmasına icazə verməsi və bu məsələ gölün ən mühüm su mənbələrindən olan və onu qoruyub saxlayan yeraltı suların səviyyəsinin aşağı düşməsinə səbəb olub: "İran inqilab keşikçiləri korpusuna-"SEPAH"a bağlı olan bir sıra şirkətlər son 25 ildə gölün ortasında Urmiya gölünün ortasında bir yol inşa etməyə başladılar, bunun üçün onlarca daş mədənini yarıb gölün ortasından təxminən 15-20 il sürən bir layihə nəticəsində bir yol inşa etdilər. Bu yol gölü ortadan iki yerə böldü və suyun kimyəvi tərkibini pozaraq və onun təbii axınının qarşısını alıb və gölün qurumasını sürətləndirdi". Ekspert hesab edir ki, bu yolun texniki və mühəndis üsulları ilə inşa edilmədiyi barədə əvvəldən İran hakimiyyətinə xəbərdarlıq edilib, amma İran hakimiyyəti və onun hərbi orqanı bu fikirləri diqqətə almayaraq yolu inşa ediblər və bununla bağlı böyük insani və ekologiya fəlakətə səbəb oldular.
"Hal-hazırda Urmu gölünün suyunun dərinliyi və miqdarı son 50 ildə ən aşağı səviyyəyə düşüb" deyən Elçin Hatəminin sözlərinə görə, BMT ekologiya proqramı bölümünün Urmu gölünün quruması ilə bağlı verdiyi bir hesabatda gölün tamamilə quruması, 1000 kilometrlik bir ərazidə, bir çox yaşayış məntəqələri, əkin yerləri, bağlar, meşələr, ekologiya, ətraf mühit, milyonlarla insan və milyonlarca heyvanat, fırtına və yellər vasitəsi ilə 10 miyarddan tondan çox bölgəyə sovrulan duz tozlarından zərər çəkəcək: "Vəziyyət bu şəkildə davam etsə, gölün ətrafında yerləşən 1000 kilometirlik sahədə bir geniş bölgə bir ekologiya və insani faciə ilə qarşılaşacaqdır. İran dövləti rəsmiləri öz yanlış və səhv əməllərini ört-basdır etmək üçün qlobal isləşməni və havaların quraq keçməsini gölün əsil quruma səbəbi kimi elan edirlər. Amma ekspertler bu amillərin təsirini gölün qurumasında 10-15% faiz olaraq qiymətləndirirlər. Urmiya vilayətinin İran parlamentində olan deputatı Nadir Qazipur deyib ki, gölün suyunun azalması nəticəsində 50-yə yaxın kəndin əhalisi öz ev-eşiyini tərk edib. Deputat gölün yenidən canladırılmasını dövlətdən tələb edib. O, gələcəkdə baş verəcək faciə ilə bağlı hökuməti xəbərdar edib. Amma indiyə kimi İran dövləti bununla bağlı heç bir tədbir görməyib. Əksinə, gölün qurudulmasına mədəni və dinc yolla etiraz edən yüzlərcə soydaşlarımızı həbs edib və ağır təzyiqlərə məruz qoyub". Güneyli ekspert deyir ki, gölün yenidən bərpa edilməsinin tək yolu gölün su mənbəyi olan çayların üstündə inşa edilmiş bəndlərin qapısının açılması və gölün tədricən doldurulmasıdı: "Amma İran hakimiyyətinin davranışı göstərir ki, bu gölü qəsdən qurutmaq niyyətindədir və Güney Azərbaycanı bu yolla məhv etmək istəyir. Gələcəkdə baş verən hər bir insani fəlakətin və faciənin məsuliyyəti İran dövlətinin boynuna düşür və molla rejimi buna qarşı beynəlxalq ictimaiyyət və Azərbaycan milləti qarşısında cavab verməlidir".
Aydın