Mübariz Əhmədoğlu: "İqtisadiyyat da daxil olmaqla bütün məsələlər üzrə İran regional seçimini çoxdan edib"
14 Yanvar 2013 15:44 SiyasətAzərbaycan Respublikası iqtisadiyyatına İranın marağının güclənməsi diqqəti çəkir. Sanki İran Azərbaycan iqtisadiyyatını "indi kəşf edib": yüksək dinamika, ölkənin hər yerində tikinti-quruculuq işləri, ölkədaxili, regional və beynəlxalq layihələr İranın gözünə indi görünür. Ən qəribəsi budur ki, İran Azərbaycanda metro tikintisində iştirak etmək niyyətindədir. Səbəbi anlaşılandır: Azərbaycana qarşı neqativ münasibət İranın başında oturanların gözünü bağlayıb, qulağını tıxamışdı.
Bir müddət əvvələ kimi İran regionun iqtisadi motoru kimi Ermənistanı təqdim edir və özünün indiki parametrlərinə heç uyğun olmayan miqdarda investisiya qoyurdu. Məbləği 330 milyon dollar olan Mehri SES-in tikintisinə başlaması kasıb İran üçün böyük rəqəmdir. Tehranın metro tikinti şirkətinin Bakıya maraq göstərməsi də İranın daxili problemləri prizmasından daha ciddi diqqət cəlb edir. Hakimiyyət daxilindəki narazılıqla yanaşı, maliyyə çatışmazlığına görə M.Əhmədinejad hökuməti Tehranda metro tikintisinə pul ayırmadı. Ermənistan üçün İranın investisiyası hədsiz vacib əhəmiyyətə malik oldu. Ermənistanın ABŞ, Aİ, Rusiya, Çin və beynəlxalq maliyyə qurumlarından pul istəməsinə baxmayaraq, ona bu pulu vermədilər. Əksinə, bu dövlətlərdən Ermənistana gələn investisiyaların həcmi 37% aşağı düşdü. Belə bir vəziyyətdə İran Mehri SES-in tikintisinə pul ayırdı və işə başladı. Ermənistan İranı özünün dağ-mədən sənayesinin istismarına cəlb etmək istəyir. Bu, artıq təkcə iqtisadi məsələ olmayıb, geosiyasi məsələdir. Ağır tonnajlı yüklərin daşınmasına yaranacaq ehtiyac İran-Ermənistan dəmiryolunun tikintisini zərurətə çevirəcəkdir. İran Ermənistanın dağ-mədən sənayesi ilə bağlı niyyətini də qəbul edib.
İranın Gürcüstanda reallaşdırmaq niyyətində olduğu layihələr də diqqətdən kənarda deyil. Amerikanpərəst M.Saakaşvili hökumətilə geniş spektrli layihələr razılaşdıran rəsmi Tehran B.İvanişvilinin rusiyapərəstliyindən ehtiyatlanır. Son vaxtlar İran-Gürcüstan münasibətlərində artan dinamizmin əsas məqsədi B.İvanişvilinin rusiyapərəstliyini müəyyənləşdirməkdir. Əgər B.İvanişvili rusiyapərəst deyil, amerikanpərəst olarsa, İran ilkin niyyətini gerçəkləşdirəcəkdir. Amerika-Rusiya münasibətlərinin İranın Gürcüstanla bağlı siyasətinin istiqamətini müəyyənləşdirməsi ilə bağlı səsləndirdiklərimiz paradoksal görünsə də bu, belədir.
İran vaxtilə Azərbaycanda iri iqtisadi layihələrdən imtina etmiş dövlətdir. Ələt-Astara avtomobil yolunun tikintisini öz üzərinə götürmüş İran sonralar bu layihədən imtina etdi. Düşündü ki, Azərbaycan bu yolu tikə bilməyəcəkdir. Beləliklə, İranın Cənubi Qafqaz regionunda iqtisadi seçimi bəllidir və Azərbaycan Respublikasının xeyrinə deyildir. İranın Azərbaycandakı bəzi iş adamları antiazərbaycan fəaliyyətin maliyyələşməsində iştirak edirlər. O baxımdan biz İranla əlaqələrimizin hədlərini müəyyənləşdirməli və İranın bunu anlamasına çalışmalıyıq. Meyvə çərəzləri və yaxud xırda məişət mallarının ticarəti qadağan edilməməlidir, mətbəximizin və məişət əşyalarımızın bir çoxu iki xalqın ortaq cəhətlərini təşkil edirlər. Bundan artığına getməməliyik. Əks halda, İran pulu ölkəmizə Ermənistanın marağını daşıyacaqdır. İranın regional iqtisadi kursunun bir istiqaməti də bundan ibarətdir. Vaxtilə xristian dövlətləri bizə iqtisadi əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində etimadyaradan tədbir kimi təqdim edirdilər. 15-20 il gecikməklə, İran bu gün xristian dünyasının təklifini reallaşdırmaqla məşğuldur. İran erməniçiliyin Azərbaycana ən böyük daşıyıcısıdır. İqtisadi əlaqələr nəqliyyat transportyoru rolunda çıxış edir. Ümid edək ki, vaxt gələr, Ermənistan Azərbaycanın bütün maraqlarının İrana daşınmasında iştirak edər.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq