Partiyaların seçki ilə bağlı mövqeyi qeyri-müəyyəndir
14 Yanvar 2013 15:37 SiyasətQHT Əməkdaşlıq Alyansı Azərbaycanda keçiriləcək prezident seçkilərinin demokratik keçirilməsinə dəstək olaraq monitorinq aparır. Alyansdan "OLAYLAR"-a daxil olan məlumata görə, monitorinq zamanı ölkədə fəaliyyət göstərən və ictimai fikrə təsir gücü olan, eləcə də prezident seçkilərini özünün əsas hədəflərindən sayan, birbaşa və ya dolayısı ilə bu seçkidə iştirak edən 24 siyası partiyanın resurslarının öyrənilməsi həyata keçirilib. Bu çərçivədə hər bir partiyanın sosial bazası, regionları əhatə etməsi kimi çox vacib elementlər monitorinq edilib. Monitorinq aparılan partiyalardan 34 faizi prezident seçkilərinə bir ildən də az vaxt qalmasına baxmayaraq seçkilərdə öz namizədləri ilə iştiraklarına qərar versələr də, 66 faizi isə hələlik mövqe açıqlamayıblar. İctimaiyyət üçün partiyalarda rəsmi işçilərin sayı, ümumiyyətlə partiyaların öz strukturlarını hansı formada qurduqlarını bilmək maraqlıdır. Bunu aydınlaşdırmaq üçün partiyalarda rəsmi və könüllü işçilərin sayının öyrənilməsinə cəhd edilib. Əldə olunan məlumatlara görə monitorinqə daxil olan 24 partiyadan yalnız 5-ində ştatlı işçilər fəaliyyət göstərir. Digər partiyaların rəsmi işçiləri barədə isə heç bir məlumat verilmir. Partiyaların 75 faizi könüllü işçilərin fəaliyyət göstərməsi haqqında məlumat verib. Əksər partiyalar rəsmi işçilərlə bağlı məlumat verməkdən yayınaraq bu mexanizmi könüllü işçilərin hesabına qurduqlarını bildiriblər.