Pentaqonun təlaşı, Əsədin kimyəvi silahlar arsenalı - REGİON

Suriya hakimiyyəti təkcə region deyil, ümumilikdə bəşəriyyəti təhlükə altına alır

Ölkəyə nəzarəti tamamilə itirən və hakimiyyəti əlində saxlamaqda artıq çətinlik çəkən Suriya prezidenti Bəşər Əsədin son anda xalqına qarşı böyük fəlakətlərə yol açacaq kimyəvi silahlardan istifadə edəcəyinə dair ehtimallar getdikcə daha da artır. Dəməşq ətrafında və Hələb şəhərində gedən döyüşlər zamanı tərkibində zəhərli maddələr olan bir neçə  raket atılması barədə göstəriş verən Əsədin indi kimyəvi silahlardan daha geniş miqyasda istifadə edəcəyi şübhə doğurmur. Kifayət qədər real görünən bu təhlükə indi beynəlxalq aləm tərəfindən ciddi narahatçılıqla müşahidə edilməkdədir. Hətta bir sıra hərbi araşdırma qrupları  baş verəcək təhlükənin miqyası, onun doğuracağı mənfi fəsadları təhlil etməyə başlayıblar. Birləşmiş Ştatların Müdafiə Nazirliyi üçün xüsusi araşdırmalar aparan "Stratfor" da Suriya hakimiyyətinin əlində olan kimyəvi silahlar, Əsədin həmin silahlardan istifadə mümkünlüyü barədə araşdırma aparıb. Kifayət qədər maraqlı və ciddi məqamları özündə əks etdirən araşdırma hesabat xarakterli hazırlanaraq müvafiq qurumlara da göndərilib.  "Stratfor"un hazırlamış olduğu hesabatda Əsəd hakimiyyətinin əlində olan kimyəvi silahlar, onların saxlanıldığı obyektlər barədə ətraflı məlumatlar dərc edilib.

Region təhlükədə

"Stratfor" dəyərləndirməsinə görə Suriya ordusu rejim müxaliflərinin sarsıdıcı hücumları nəticəsində olduqca zəifləyib. İndiyə qədər itirmiş olduğu mövqeləri geri qaytarmaq və ölkəyə nəzarəti bərpa etmək üçünsə Suriya prezidenti Bəşər Əsədin yalnız bir yolu qalır ki, o da əlində mövcud olam kimyəvi arsenaldan maksimum dərəcədə istifadə etməkdir. Mərkəz bunu olduqca təhlükəli hesab edir. Mərkəz analitiklərinin araşdırmalarına görə, hazırda Suriya ordusunun əlində 650 ton sarin, 200 ton xardal qazı, az miqdarda isə tabun və VX sinir qazları mövcuddur. Suriyada hərbi qarşıdurmaların başladığı 2011-ci ilin mart ayından etibarən  Suriya hakimiyyəti arsenalında olan kimyəvi  silahlaın yerini və ona nəzarət mexanizmini iki dəfə artırıb ki, bunun da başlıca səbəbi müxalifətin həmin kimyəvi silahları ələ keçirməsi təhlükəsidir. Hazırda hakimiyyətin əlində olan kimyəvi silahlar arsenalına əsas nəzarətin prezident Bəşər Əsəd və Suriya Milli Təhlükəsizlik Şurasının rəhbəri, general Əli Məmlük tərəfindən edildiyi bildirilir.

Suriya sərhəddində kimyəvi silahlar

Birləşmiş Ştatların hərbi dairələri keçən ay Suriya ordusunun əlindəki sarin qazlarının bir hissəsinin hakimiyyət tərəfindən havadan atıla biləcək hərbi bazalarda yerləşdirdiyini müəyyən etmişdilər. Lakin bu silahların hələ də bombardmancı təyyarələrə yüklənmədiyi və kimyəvi silahlardan geniş miqyasda istifadə edilmə əmrinin verilmədiyi vurğulanmışdı. "Stratfor"un hesabatında qeyd edilir ki, ölkədə qarşıdurmaların başladığı vaxta qədər kimyəvi silahlar Homs, Hama, Dəməşq, Hələb, Lazkiyə və Palmira olmaqla ölkənin hər tərəfində irili-xırdalı 50-yə yaxın bazada saxlanılırdı. Hərbi qarşıdurmalar başladığından bəri isə Suriya rejimi muxalifətlə mücadilə edərkən bir qədər məğlub duruma düşüncə əlində olan kimyəvi silahları da böyük mərkəzlərdə cəmləşdirib. Daha doğrusu əlindəki kimyəvi silahların böyük qismini sərhəd bölgələrə yerləşdirib. Burada başlıca məqsəd isə Siriyaya qarşı hərbi əməliyyatlar başlayacağı təqdirdə rejimin asanlıqla müttəfiqlərə qarşı kimyəvi silahlardan istifadə etməsidir. Eyni zamanda Əsəd rejiminin ildə bir neçə yüz ton kimyəvi silah istehsal etmə imkanlarına da malik olduğu açıqlanır. Lakin hərbi əməliyyatlar başlayandan  bu istehsal da dayandırılıb.

Əsədin uran ehtiyatı

Rejimin əlində olan kimyəvi  silahların yüklənəcəyi hərbi maşınların da müxtəlif manevrlərə malik olduğu bildirilir. Araşdırmalara görə, kimyəvi silahlar təkcə xüsusi hərbi maşınlar deyil, hətta top batareyaları vasitəsilə də atıla bilir. Ümumiyyətlə Suriya hakimiyyətinin əlində  200 qısa mənzilli SS-21 balistik raket və toplam 200-300 ədəd olan Skad-B və Skad-C raketləriniə də.kimyəvi silahların yüklənə bildiyi müəyyənləşib. Eyni zamanda rejim kimyəvi silahları 700 kilometr məsafəni vura biləcək Skad-D-lərlə də ata bilir. Hərbi araşdırmalara görə, kimyəvi silahların təsir gücü  istifadə üsullarına görə, dəyişir. Yerdən 30-60 metr yüksəklikdə havaya uyğun bir formada parçalanan 4 litrəlik bir VX sinir qazı, 10 kilometr məsafəni öz təsiri altına ala bilir. "Financial Times" qəzetinin məlumatına görə, Suriya hakimiyyəti 2000-ci ilin ortalarında Şimali Koreyanın dəstəyi ilə Əl-Kibar şəhəri yaxınlığında inşa etdiyi reaktorda 50 tona yaxın zənginləşdirilmiş uran saxlayıb.Lakin  2007-ci ildə İsrailin həyata keçirdiyi hava əməliyyatları həmin obyekti məhv etmişdi. O zaman sözügedən obyektdə saxlanılan uranın hara aparıldığı bəlli olmasa da, lakin bir müddət sonra Əsədin hava zərbələrindən əvvəl uranı İrana göndərdiyi bəlli oldu.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00