Partiyalar seçkiyə necə hazırlaşır? - AKTUAL

ADP-də seçki hazırlıqlarından əsər-əlamət yoxdur

2013-cü ilin ilk aylarını yaşayan Azərbaycanın ictimai-siyasi həyatında il ərzində bir sıra mühüm hadisələrin baş verəcəyi şübhə edilmir. Xüsusilə, bu il ölkədə prezident seçkiləri ili olduğu üçün 2013-cü ilin siyasi baxımdan Azərbaycan üçün ağır olacağı proqnozlaşdırılır. Həm hakimiyyət, həm də müxalifət partiyaları da bunu istisna etmirlər. Artıq seçki prosesinə keçən ilin sonlarından belə qeyri-rəsmi olaraq start verən hakim Yeni Azərbaycan Partiyası seçki mübarizəsində iştirak edəcək namizədini də müəyyənləşdirib desək yanılmarıq. Hakim partiyanın səlahiyyət sahiblərinin açıqlamalarından məlum olur ki, 2013-cü ilin prezident seçkilərində də YAP-ın namizədi bu partiyanın sədri, hazırkı dövlət başçısı İlham Əliyev olacaq. Bəs görəsən müxalifət bu seçkiyə necə hazırlaşır? 2013-cü ilin seçki ili olduğunu əsas gətirərək bu ilin Azərbaycanda gərgin keçəcəyini iddia edən müxalifət partiyaları seçkiyə necə hazırlaşırlar. Onların iddia etdiyi gərginlik seçkiyə hazırlıq prosesində də özünü göstərirmi? Bütün bunlara aydınlıq gətirmək üçün ayrı-ayrı müxalifət partiyalarının qərargahlarına baş çəkərək onların prezident seçkilərinə necə və hansı formada hazırlaşdıqlarının əyani şahidi olmaq istədik. Bu məqsədlə ilk olaraq Azərbaycan Demokrat Partiyasının qərargahına yollandıq. Bir vaxtlar önü qələbəlik olan ADP-nin qərargahı qarşısında bu dəfə gözümüzə bir nəfər belə dəymədi. Binanın giriş qapısında da qərargaha girib-çıxanlara nəzarət edən mühafizəçi yoxdur. Qarşımıza kimsə çıxar ümidi ilə binanın qaranlıq və uçuq pilləkənləri ilə yuxarı qalxırıq. Dəhlizdə tamamilə sakitlikdir. Yalnız ayrı-ayrı otaqlardan həzin musiqi sədaları və nərd səsi gəlir. Sonradan məlum olur ki, partiya funksioberlərindən kimisi öz soyuq otağına çəkilərək yaradıcılıqla məşğul olur, kimisi partiyadaşı ilə nərd ataraq ölkənin ictimai-siyasi həyatını müzakirə edir, kimisi isə Rusiyadakı miqrant həyatına son qoyaraq yenidən ADP-yə qayıdan gəncləri partiyanın ötən müddət ərzində keçdiyi yol barədə geniş məlumatlandırır. Bir məqamı da qeyd etmək lazımdır ki, həftə sonu olmasına baxmayaraq ADP sədri Sərdar Cəlaloğlu istisna olmaqla partiyanın əksər funksionerləri qərargahda idi.

Demokratlarda qeyri-müəyyənlikdir

Partiyalara baş çəkməyimiz onların sırf seçkilərə hansı formada və necə hazırlaşmaları ilə bağlı olduğu üçün əvvəlcə ADP-nin seçki məsələləri üzrə katibi Taliyət Əliyevlə görüşürük. İlkin müşahidələrimiz ondan xəbər verir ki, Azərbaycan Demokrat Partiyasında ümumiyyətlə, prezident seçkilərinə hazırlıq istiqamətindəı heç bir iş görülmür. Elə Taliyət Əliyevlə söhbətimizdə də buna əmin oluruq və bu barədə yanılmadığımız qənaətinə gəlirik. Taliyət Əliyev deyir ki, prezident seçkiləri ölkənin birbaşa taleyi ilə bağlı olan məsələ olduğu üçün istər-istəməz ölkənin siyasi qüvvələrində də bir hərəkətlilik yaranır: "Bu seçki əvvəlki seçkilərdən də fərqli olacaq və seçkilər heç də sakit keçməyəcək. ADP-nin seçkilərlə bağlı mövqeyi ondan ibarətdir ki, müxalifət seçkilərə vahid bir komanda şəklində getsin. Bu istiqamətdə ADP olaraq keçən ildən etibarən digər partiyalarla danışıqlar aparırıq. Ancaq təssüflər olsun ki, seçki ilinə qədəm qoymağımıza baxmayaraq hələ də bizim qarşımıza qoyduğumuz məqsədə, müxalifətin seçkilərə vahid namizədlə getmək istəyinə nail olmamışıq". Taliyət Əliyev təmsil etdiyi partiyada seçkilərə bağlı qeyri-müəyyənliyin hökm sürdüyünü də deyib: "Seçkilərdə hansı taktikadan istifadə edəcəyimizi dəqiqləşdirməmişik. Partiyanin sədri Sərdar Cəlaloğlu da seçkilərdə işitrak etməkdə həvəsli görünmür. Ancaq partiyada bir sıra insanlar ADP-nin seçkilərdə öz gücünü sınamasının tərəfdarıdır. Əgər müxalifət seçkiyə vahid namizədlə qatılacaqsa artıq may ayından etibarən seçkinin taktiki gedişlərini müəyyənləşdirəcəyik. Əgər bu alınmasa partiya ya təkbaşına, ya da "Qarabağ" bloku ilə seçkilərə qatılacaq".

ADP-də Amerika təcrübəsi

Növbəti üz tutduğumuz Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmovun otağı isə bir qədər qələbəlik görünür. Sonradan məlum olur ki, Rusiyadan geri dönən sabiq demokratlar yenidən siyasi fəaliyyətlərini davam etdirmək niyyətindədirlər. Gənclər hətta imkanları çatdığı qədər ADP-yə maddi yardım etməyə hazırdırlar. Sabiq ADP-çilərlə qısa söhbətdən sonra partiyanın seçkiyə hansı səbəbdən hazırlaşmadığı sualına aydınlıq gətirən Həsrət Rüstəmov bunu vahid namzidənin müəyyən edilməsi istiqamətində keçirilən görüşlərlə əlaqələndirib. Bildirib ki, Azərbaycan Demokrat Partiyası prezident seçkilərinə vahid komanda və vahid namizədlə getmək tərəfdarı olduğu üçün hələlik seçki hazırlıqlarına başlamayıb. Həsrət Rüstəmov onu da deyir ki, ADP seçkilərdə hansı formada iştirak edəcəyini müəyyənləşdirəcəyi təüdirdə seçkilərin təbliğat-təşviqat kampaniyasında xarici ölkələrin, xüsusilə Avropa və Birləşmiş Ştatların seçki təcrübəsindən istifadə edəcək: "Azərbaycan Demokrat Partiyası indiyə qədərki seçki kampaniyalarında da yeni seçki texnologiyaları və xarici ölkələrin seçki təcrübəsi xüsusilə, Amerika təcrübəsindən istifadə edib. Zamanında Birləşmiş Ştatların Milli Demokratiya İnstitutu və Respublikaçılar İnstitutu bizim partiya üzvlərimiz üçün seminarlar təşkil edib. Bunun nəticəsi olaraq Amerikada mövcud olan "qapıdan qapıya" kampaniyasından 2005-ci ilin parlament seçkiləri zamanı çox yaxşı bəhrələndik. Yaxud başqa kompanentlər var ki, həmin kompanentlərdən də istifadə etmişik. Qarşıdakı seçkilərdə də həmin təcrübələrdən istifadə edəcəyik".

Nəhayət, Azərbaycan Demokrat Partiyası sədrinin mətbuat məsələləri üzrə müavini Nurəddin İsmayılovun soyuq və pərdə əvəzinə pəncərəsinə qəzet parçaları vurulmuş otağına üz tuturuq. Digər ADP funksionerlərindən fərqli olaraq günün əksər hissəsini partiya qərargahında keçirən Nurəddin İsmayılov deyir ki, seçki ərəfəsində mətbuatla daha sıx işləmək lazım gələcək ki, bu istiqamətdə də rəhbərlik etdiyi struktur müəyyən analizlər aparır və yeni iş metodologiyası üzərində işləyir: "Hər seçki ərəfəsində yeni tələblər, qaydalar oraya çıxır ki, bu qayda və tələblərə də yiyələnmək, onları mənimsəməık və seçki prosesində tətbiq etmək lazımdır. Azərbaycan Demokrat Partiyası da dünyanın ən müasir təcürübələriundən yararlanmaq şərti ilə seçkilərdə özünün  təbliğat-təşviqat kampaniyasını həyata keçirmək istəyir və bu istiqamətlərdə addımlar atır. Bu istiqamətdə yerli təşkilatlarda da müəyyən işlər görüləcək. Onların fəaliyyətinin artırılması,gücləndirilməsi qarşıda duran vəzifələr sırasındadır".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00