“İran hakimiyyəti güneylilərdən qorxur!” - Vəfa Quluzadə

“İranda çalxalanma olarsa, azərbaycanlılar ayağa qalxacaqlar”

Təbriz Universitetində Azərbaycan dilində təhsilə qoyulan qadağa, Urmiya gölü ətrafında 50 Azərbaycan kəndinin boşaldılması Güney Azərbaycanda İran hakimiyyətinə qarşı hərəkata təkan verə bilər. Digər tərəfdən İsrail prezidenti Şimon Peresin "ABŞ İranı vuracaq" bəyanatı Güney Azərbaycanda rejimə qarşı aktivləşməyə səbəb olacaq. "İran hakimiyyəti Güney azərbaycanlılarından qorxur. Ona görə bu cür təsir metodları onlara qarşı tətbiq olunur. Mən İranda olanda gördüm ki, azərbaycanlılara dövlət müəssisələrində Azərbaycan dilində danışmaq qadağan edilib. Onlar mənimlə Azərbaycan dilində danışımırdılar. Bu faktor Güney azərbaycanlıların hüquqların tapdalanmasıdır" deyən politoloq Vəfa Quluzadənin sözlərinə görə, soydaşlarımıza ana dilində danışmağa qoyulan yasaq məqsədlidir: "Bu farslaşdırma, azərbaycanlıları təcridetmə siyasətinin üzdə görünən hissəsidir. İranda azərbaycanlıları əvvəl dövlət işinə götürürlər, sonra onları farslaşdırırlar. Əgər İranda çalxalanma olarsa azərbaycanlılar həm bu, həm də ki, digər faktorlara görə ayağa qalxacaqlar. İran hakimiyyəti də bundan xoflanır və bu cür təzyiqlərə əl atır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00