Komitə sədri əsgər ölümünü siyasiləşdirməməyə çağırır

“Əminəm ki, bu hadisədə iştirakı olan çəxslər tezliklə tapılaraq cəzalandırılacaq”

"Respublika Hərbi Prokurorluğu tərəfindən Daşkəsəndə yerləşən hərbi hissələrdən birində qulluq edən əsgər Ceyhun Qubadovun döyülərək öldürülməsi faktı ilə əlaqədar başladılmış cinayət işi tezliklə başa çatdırılmalıdır". Bunu deyən millət vəkili, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın sözlərinə görə, istintaq orqanları bu hadisədə günahkar olan şəxslərin qısa bir zamanda tapılaraq, cəzalandırılmasına nail olmalıdırlar. Çünki bu, sıradan bir hadisə deyil, məlum cinayət hadisə ilə bağlı qəti və ciddi ölçülər götürülməlidir: "Onu da qeyd edim ki, Azərbaycanda ordu quruculuğuna böyük diqqət yetirilir, əsgərlərimizin öz hərbi xidmətlərini yerinə yetirmələri, onların vətənə olan borclarını qaytarmaları üçün hər cür şərait, imkan yaradılır. Azərbaycan ordusu, Azərbaycan əsgəri bu gün dövlətin, ölkə Prezidentinin diqqəti və qayğısı altındadır. Bununla belə, son dövrlər ordumuzda baş verən bəzi neqativ hallar da hamımızı ciddi şəkildə narahat etməkdədir. Düzdür, biz müharibə vəziyyətində yaşayırıq, müharibədə və ya hazırda atəşkəs şəraitində cəbhə bölgəsində düşmən gülləsindən hansısa əsgərin ölümü, şəhid olması başqa məsələdir, ancaq hansısa hərbi hissədə qulluq edən əsgərin bu və ya digər səbəbdən, xüsusilə, döyülərək, vəhşicəsinə öldürülməsi tamam başqa məsələdir. Bu, qətiyyən, yolverilməz və bağışlanmaz bir hərəkətdir. Bu baxımdan, hesab edirəm ki, cəmi 3 ay öncə hərbi xidmətə yola düşən və özü də ailənin tək oğlan övladı olan mərhum Ceyhun Qubadovun ölümündə təqsirli, günahkar olan şəxslər aidiyyəti orqanlar tərəfindən tezliklə müəyyənləşdirilərək, öz layiqli cəzalarına çatdırılmalıdırlar". Millət vəkili həmçinin bildirib ki, bu məsələni siyasiləşdirməyə dəyməz: "Mən bu hadisədə azacıq olsun belə, əli və iştirakı olan şəxslərin tezliklə tapılaraq, cəzalandırılacağına inanıram. Mən buna qəti əminəm. Ona görə hesab edirəm ki, bu məsələni siyasiləşdirmək olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00