Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir

"Azərbaycanda gənclər siyasətinin mütərəqqi olmasının göstəricilərindən biri də  bu sahədə qəbul olunan proqramların həyata keçirilməsinə gənclərin özlərinin cəlb olunmasıdır.  Çünki bütün hallarda gənclərlə bağlı layihələrin gerçəkləşməsində gənclərin fəallığı nəzərə alınmalıdır". Bunu "Olaylar"a  deyən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovun sözlərinə görə,  sonuncu gənclər proqramı olan "Azərbaycan gəncliyi-2011-2015-ci illərdə Dövlət Proqramı" əsasında yaradılmış işçi heyətinin tərkibində həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunub: "Təkcə bu fakt göstərir ki, dövlətin gənclərə qayğısı hansı səviyyədədir. Dövlətin birmənalı mövqeyi ondan ibarətdir ki, gənclərlə bağlı layihələrdə onların fikirləri əksini tapsın ki, həmin proqramların icrası üçün işlək mexanizm yaransın. Təsadüfi deyil ki, sözügedən proqramın hazırlanması zamanı 2000-dən artıq gənc təklif irəli sürüb və həmin təkliflər əsasında mükəmməl proqram ərsəyə gəlib. Həmin proqramda isə gənclərin bütün əhatə dairələri əksini tapıb". Ş.İsmayılovun sözlərinə görə, bu gün ölkədə gənclərin inkişafı üçün bütün şərait yaradılıb: "Bu gün gənclər siyasəti ilə bağlı istənilən sahəni təhlil etsək görərik ki,  həmin sahələrdə işlək mexanizm halında olan çöxsaylı proqramlar mövcuddur. Təkcə onu demək kifayətdir ki, 195 min tələbəni əhatə edən tələbə kartı dövlət tərəfindən pulsuz olaraq  paylanacaq. Halbuki Avropada həmin kartı almaq üçün 15 avro ödənilir. Ümumilikdə demək olar ki, Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00