Müxalifətin vahid namizədi Cəmil Həsənli ola bilər - SİYASİ ŞƏRH
İndiki situasiyada bitərəf şəxsin adaylığı daha effektli sayılır
11 Yanvar 2013 15:09 SiyasətMüsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürməsi digər partiyaları da hərəkətə gətirib. AXCP sədrinin hələ namizədlikdən danışmaması İsa Qəmbərin İctimai Palatanın vahid namizədi kimi təqdim olunmasına imkan yaradır. Maraqlıdır ki, AXC şinelindən çıxmış və hazırda loyal müxalifət mövqeyinə keçmiş partiyaların liderləri də vahid namizəd kimi İsa Qəmbərin adaylığı üzərində dayanırlar. BQP sədri Fazil Qəzənfəroğlu, BAXCP sədri Qüdrət Həsənquliyev müxalifətin vahid adayı kimi Müsavat başqanını gördüklərini gizlətmirlər. Doğrudur, bu, Müsavat başqanının müxalifətdəki rəqiblərinin əlinə qara piar fürsəti verir. Amma bu həm də, cəmiyyətin ayrı-ayrı hissələrinin mövqeyi kimi də səciyyələnə bilər. "Qarabağ" blokunda, Məşvərərt Məclisində də Müsavat başqanının adaylığına razı olanlar var. Məsələn, KXCP, Ümid kimi partiyalar seçim olarsa Əli Kərimliyə yox, İsa Qəmbərə üstünlük verərlər. ADP ilə Müsavatın əməkdaşlıq təcrübəsi var və bu partiyalar şərait yaranarsa, yenə də bir yerdə ola bilərlər. Amma Məşvərət Məclisinin əksər partiyası Müsavatın adayını qəbul etmir. Onlar namizəd olacağı açıqlanmış Lalə Şövkəti dəstəkləyirlər. ALP-dən bildiriblər ki, Lalə Şövkət müxalifətin vahid namizədi ola bilər. ALP-nin mənəvi liderinə münasibət birmənalı deyil. AXC şinelindən çıxmış hərəkatçı elektoratın xanım siyasətçiyə münasibəti sıcaq deyil. AXCP və Müsavata başlı sosial bazanın onu qəbul edəcəyi real görünmür. Deməli, İsa Qəmbər kimi Lalə Şövkətin də vahid namizəd olmaq imkanı azdır.
Müxalifət daxilində vahid namizədliyə daha çox adı hallanan üçüncü şəxs Eldar Namazovdur. Prezident Aparatından istefa verəndən sonra heç bir partiyaya qoşulmayan Eldar bəy neytral mövqeyini saxlaya bilib. Hazırki situasiyada cəmiyyəti daha çox siyasi oyunlara qatılmamış, neytral mövqeyini qoruyub saxlamış namizədə dah çox üstünlük verir. Bu baxımdan Eldar Namazovun şansı artır. Amma bir iş var ki, hələ ki, tənqidçi KİV və digər təbliğat resursları ənənəvi müxalifətin əlindədir. Eldar Namazov Ziyalılar Forumunun, RATİ-nin namizədi olsa belə, AXCP və Müsavat tərəfindən qəbul olunmayacaq. Ona görə də, vahid namizədin Eldar Namazov yox, daha neytral birisi olması lazımdır. Bu statusa daha çox hamının qəbul etdiyi ziyalı şəsx iddia edə bilər. Ziyalılar Forumunun üzvü Rafiq Əliyevin bu mənada çansı var. "Qarabağ" bloku bu təkliflə çıxış edib. Bu gün də onlar hesab edir ki, Rafiq Əliyev müxalifəti birləşdirə bilər. Amma bir iş var ki, Rafiq müəllim siyasi adam deyil. Siyasi təcrübəsi olmayan ziyalı seçki kampaniyasını apara bilməyəcək. Doğrudu, onun komandası olacaq, seçki qərargahı təşkilati, texniki və təbliğati məsələləri həll edəcək. Ancaq elə məsələlər var ki, onu namizəd özü həll etməlidir. Seçicilər qarşısında çıxış, debatlarda iştirak və s. Rafiq Əliyev bu baxımdan o qədər də uğurlu fiqur deyil. Hazırkı situasiyada müxalifətin vahid namizədi partiya üzvü olmayan, amma seçki kampaniyalarında iştirak etmiş, təcrübə yığmış, siyasi praktikası olan şəxs olmalıdır. Bu mənada Milli Azadlıq Hərəkatının iştirakçısı, AXC sədrinin sabiq müavini, sabiq millət vəkili, hazırda Ziyalılar Forumunda təmsil olunan tarixçi alim Cəmil Həsənli uğurlu namizəddir.
Aydın