Azərbaycanda gənclər siyasəti dünya dövlətlərinə nümunə ola biləcək səviyyədədir

"Azərbaycanda gənclər siyasəti dünya dövlətlərinə nümunə ola biləcək qədər diqqət mərkəzindədir". Belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov "OLAYLAR"-a deyib ki, ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmış və hazırda da uğurla davam edən bu siyasət gənclərin bütün ümidlərinin reallaşmasına yönəlib: "Çünki elə potensiallı gənclər vardı ki, onlar hansısa layihəni həyata keçirmək üçün maliyyə mənbəyi tapa bilmirdi. Eləcə də gənclər təşkilatlarının qeydiyyatı ilə bağlı müəyyən çətinlikıər vardı. Lakin sonrakı dövrlərdə Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində gənclər sahəsində qanunvericilik bazası gücləndirildi, gənc nəsil üçün yeni-yeni imkanlar yarandı". Seymur Orucov bildirib ki, hazırda da Azərbaycan gəncləri prezident İlham Əliyevin diqqət mərkəzindədir və bu sahəyə müntəzəm olaraq diqqət yetirilir: "Gənclər Fondunun yaradılması, gənclərin xarici ölkələrdə təhsil alması üçün dövlət proqramının qəbul edilməsi, eləcə də istedadlı gənclərin üzə çıxarılması və bu kimi məqamları örnək olaraq göstərmək olar. Paralel olaraq gənclərimiz siyasi proseslərdə də aktiv rol oynayırlar. Bunu Yeni Azərbaycan Partiyasına gənclərin axınının güclənməsinin timsalında görmək olar". Hakim partiyanın Gənclər Birliyinin sədrinin sözlərinə görə, gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının göstəricisidir ki, gənclər də öz növbəsində beynəlxalq tədbirlərdə, yarış və toplantılarda ölkəmizi layiqincə təmsil edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00