DİP Milli Ordunun əsgərinin ölümü ilə bağlı bəyanat verib

Demokratik İslahatlar Partiyası Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmiş, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun dünyasını dəyişməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
"Milli Ordumuzun əsgəri Ceyhun Qubadovun vəfatı ilə bağlı dolaşan xəbərlər bizi son dərəcə məyus edib. Müharibə aparan bir ölkənin əsgərinin xidmət zamanı müəmmalı şəkildə dünyasını dəyişməsi, Azərbaycan silahlı qüvvələrinin imicinə xələl gətirməklə yanaşı, ölkədə ruh düşkünlüyünün yaranmasına da səbəb olur. Ordu sıralarına çağırılan hər bir vətəndaşın orduya əminliklə getməsi, övladını orduya yola salan hər bir valideynin, onun oğlunun silahlı qüvvələrdə ölməyə deyil, yüksək hərbi biliklərə, fiziki sağlamlığa yiyələnəcəyindən əmin olması üçün bu cür hallar aradan qaldırılmalıdır. Silahlı Qüvvələrdə vəzifə daşıyan şəxslər hər bir əsgərə ailənin qayğısını göstərməyə çalışmalıdır. Milli ordumuzda qeyri-formal Sovet ordusunun ənənələrinə son qoyulmalıdır. Atəşkəs dövründə yüzlərlə  hərbi xidmətçinin dünyasını dəyişməsi faktı kifayət qədər təəssüfləndiricidir. Eyni zamanda bu əsgərlərin əksəriyyətinin ordudakı müəyyən problemlər və xəstəliklər səbəbindən dünyasını dəyişməsi də həyəcanverici amillərdəndir. Biz əsgər Ceyhun Qubadovun valideynlərinin oğullarının zorakı üsullarla qətlə yetirildiyi barədə iddialarının araşdırılmasını tələb edirik. Müvafiq dövlət orqanları bu hadisə ilə bağlı ciddi araşdırma aparmalı, günahkarlar cəzalandırılmalıdır. Biz bu hadisə ilə bağlı açılan cinayət işinə ədalətli yanaşılmasını, ordunun nüfuzunun qorunması üçün bu cür neqativ halların aradan qaldırılmasını tələb edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00