Aydın Mirzəzadə: "O, çox ciddi səhvlərə yol verir"
11 Yanvar 2013 11:25 Siyasət"Azərbaycanın xarici və daxili siyasəti ilə bağlı bütün bu açıqlamalar, fikirlər bəlli qurumun üzvlərindən biri, konkret olaraq Eldar Namazovun prezidentliyə namizəd qismində irəli sürülməsi üçün siyasi baza hazırlamağa xidmət edir". Milli.Az Day.Az-a istinadən bildirir ki, yazıçı Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd qismində Eldar Namazovu siyasi fiqur kimi qabartmağa çalışmasından bəhs edərkən millət vəkili Aydın Mirzəzadə belə deyib. Onun fikrincə, məşhur ssenariçi və kinodramaturqun uzun müddətdən bəri çıxışları və bəyanatları məhz bu məqsədə yönəlib. A.Mirzəzadə onu da vurğulayıb ki, Ziyalılar Forumu da prezident seçkiləri üçün tramplin səciyyəsi daşıyır. "Bütün bunlar demokratik dövlət üçün normal haldır, amma düşünürəm ki, onlar çox tələsiblər. Onlar prezident seçkilərinə qədər qalmış vaxtdan cənab Namazovun üstüörtülü təbliğatı üçün istifadə etməyə çalışırlar", - A.Mirzəzadə deyib. Millət vəkili hesab edir ki, prezidentliyə namizəd ola biləcək şəxslərin sayından asılı olmayaraq Azərbaycan seçicisi artıq seçimini edib. İndiki dövlət başçısının uğurlu daxili və xarici siyasəti onun ən şanslı namizəd olacağını bəlirlədiyindən digər bütün namizədlərin isə ikinci yer uğrunda mübarizə aparacaqlar. "Cənab İbrahimbəyovun son iki ildə siyasətlə niyə belə aktiv məşğul olmasının səbəblərini bilmirəm. Lakin o, Azərbaycanın daxili siyasətinin əsasları və habelə xarici siyasət məsələləri ilə bağlı çox ciddi səhvlərə, yanlışlıqlara yol verir", - A.Mirzəzadə söylədi.