Eldar Namazov, yoxsa Abbas Abbasov? - GÜNDƏM
Milyarderlərin adayı olmaq uğrunda mübarizə başlanır
10 Yanvar 2013 14:54 SiyasətMoskvada yaranmış "Milyarderlər İttifaqının" üzvü, eyni zamanda Ziyalılar Forumunun təsisçilərindən biri Rüstəm İbraimbəyov yaxın günlərdə geniş siyasi koalisiyanın yaranacağını və prezidentliyə namizədin müəyyən olunacağını bildirib. Siyasi ekspertlər hesab edir ki, siyasətdən uzaq olan sənət adamını danışdıran əslində siyasi fiqurdur. Hesab olunur ki, Rüstəm İbrahimbəyovi siyasi lider kimi danışdıran Ziyalılar Forumunun yaradıcısı Eldar Namazovdur. Rüstəm İbrahimbəyovun Moskvadan qayıdandan sonra inamlı danışması da namizəd kim olsun məsələsinin artıq həll edilməsi ilə bağlıdır. Hesab olunur ki, yaxın günlərdə həm milyarderlərin, həm də Ziyalılar Forumunun prezidentliyə namizədi müəyyən olunacaq. Milyarderlər ittifaqının üzvlərindən biri, Rusiyada fəalliyyət göstərən Azərros təşkilatının sədri Söyün Sadıxov president Vladimir Putinlə görüşüb. Mətbuatda yayılan məlumata görə, görüşdə baş nazirin sabiq müavini Abbas Abbasovun namizədliyi ilə bağlı razılığa gəlinib. Xatırladaq ki, Abbas Abbasov RATİ daxilində yeganə Azərbaycan vətəndaşıdır. Abbas Abbasov milyarderlərin arasında yeganə olaraq siyasətlə məşğul olmuş, dövlət işlərində çalışmış şəxsdir. Onun seçkilərdə iştirakı normal haldır. Amma məsələ burasındadır ki, Abbasovun cəmiyyətdəki imici o qədər yaxşı deyil. Ənənəvi protest elektoratı onu qəbul etmir. İctimai Palatanın prezidentliyə öz namizədi var. Bütün partiyaları qabaqlayan Müsavat İsa Qəmbərin namizədliyini artıq təsdiqləyib. Müsavat irəli düşməklə bütün siyasi qüvvələrin, o cümlədən RATİ-nin, Ziyalılar Forumunun dəstəyini almaq istəyir. Gələn xəbərlərə görə, Müsavat milyarderlər ittifaqına elçi də göndərib. Amma əsas söz Ziyalılar Forumunun olduğundan İsa Qəmbərin RATİ-dən dəstək alacağı real deyil. Böyük ehtimalla, Ziyalılar Forumunun namizədi Eldar Namazov olacaq. Bu halda RATİ və Ziyalılar Forumunda ikitirəlik yaranacaq. Ziyalılar Forumuna güvənən siyasi qüvvələr, protest elektoratı Eldar Namazovu qəbul etmirlər. Abbas Abbasovun isə müxalifətdə Eldar Namazov qədər dayağı yoxdur. Aşkar görünür ki, RATİ və Ziyalılar Forumu da İctimai Palata kimi vahid namizəd problemini həll edə bilməyəcəklər. Ziyalılar Forumun vahid namizəd məsələsini çözə bilməməsi müxalifət daxilində də ziddiyyətlər yarada bilər. Bu isə ənənəvi müxalifətin, özəlliklə də İctimai Palatanın içinə yaraya bilər. İctimai Palata Ziyalılar Foruumun Eldar Namazov-Abbas Abbasov seçimini edə bilməməsindən yararlana bilər. İP namizədləri RATİ ilə əlaqələr qura, onlardan dəstək ala bilərlər. Yada salaq ki, 2 ay öncə Əli Kərimli Moskavaya, RATİ ilə danışıqlara elçi göndərmişdi. O zaman Söyün Sadıxov AXCP sədrinin nümayəndəsinə hörmətsizlik etsə də, danışıqlar hər an bərpa oluna bilər. Amma RATİ ilə əlaqələri itirməmək üçün Eldar Namazov güzəştə gedə bilər. Eldar Namazov partiya sədri deyil və siyasi statusu yoxdur. Onun kiməsə güzəşti ciddi itkilərə səbəb olmayacaq.
Aydın