İbrahimbəyov islamçılara güvənir? - SİYASİ ŞƏRH
Onun “geniş koalisiyası”nda radikal şiə qruplarının olacağı deyilir
10 Yanvar 2013 13:30 SiyasətZiyalılar Forumunun fəallarından biri Rüstəm İbrahimbəyov yeni il ərəfəsi Moskvadan qayıdandan sonra maraqlı açıqlamalarla çıxış edib. Xatırladaq ki, kinossenarist həm də Moskvada yaranmış Milyarderlər İttifaqının üzvlərindən biridir və iki qurumun koordinatorudur. İbrahimbəyov artıq siyasi proqnozlar verməyə başlayıb. Onun ənənəvi müxalifəti sevindirəcək açıqlamalarından biri "hakimiyyətə yeni şəxs gələcək" fikridir. Müxalifət cameəsində, özəlliklə də AXCP düşərgəsində buna sevinsələr də, siyasi analitiklər bunu piar texnologiyası hesab edirlər. Hesab olunur ki, siyasətdən uzaq adam olan, siyasi oyunları bilməyən İbrahimbəyov apardığı işə o qədər aludə olub ki, özünü nəticəyə inandırıb. Onun bu sözləri protest elektoratını aktivləşdirmək üçün dediyi də söylənilir. İstənilən halda geopolitik vəziyyəti, daxili siyasəti, siyasi düzəni doğru qiymətləndirə bilməyən sənət adamının bu proqnozu ciddi qiymətləndirilə bilməz. Rüstəm İbrahimbəyovun ikinci açıqlaması Azərbaycanda yeni siyasi qüvvənin yaranacağına dair anonsudur. Kinossenarist deyib ki, İctimai Palatanı da içinə alacaq böyük siyasi koalisiya yarana bilər. Onun bu sözü maraqla və bir az da təəccüblə qarşılanıb. Axı Ziyalılar Forumu hansı təşkilatların hesabına koalisiya yarada bilər? İctimai Palata ilə sorun yoxdu. İP Ziyalılar Forumu ilə geniş koalisiyada birləşə bilər. AXCP və Müsavat buna razılıq verəcək. KXCP də ziyalılarla bir yerdə ola bilər. Ümid və ADP-ni birləşdirən "Qarabağ" bloku İctimai Palata ilə bir yerdə olmağa çoxdan razıdır. Liberal Partiya, müstəqilliyə səs vermiş keçmiş deputatlar da ziyalıların çağırışına səs verə bilər. Hazırda İctimai Palatadan kənarda olan qüvvələrdən, partiyalardan söhbət gedirsə, buna qədər bu qüvvələri birləşdirən SİDSUH, DUH kimi qurumlar mövcud olub. SİDSUH nəyi dəyişdi ki, Rüstəm İbrahimbəyovun bu qüvvələrin hesabına yaradacağı qurum nəyə nail olsun? İP, Qarabağ bloku, KXCP, AVİP bir araya gələcəksə, yenə də qovğa başlanacaq, partiyalar bir-birini hakimiyyətə işləməkdə suçlandıracaq. Azərbaycan cəmiyyətində bu qüvvələrin dışında siyasiləşmiş güclər mövcud deyil. O halda siyasi spekulyasiya ilə məşğul olmursa, Rüstəm İbrahimbəyov hansı qüvvələri nəzərdə tutur? Siyasi analitiklərin fikrincə, Ziyalılar Forumunun təmsilçisi bir zamanlar Azərbaycançı Qüvvələr Birliyində təmsil olunmuş qüvvələri, əsasən də islamçıları nəzərdə tutur. Məlumatlı mənbə xəbər verir ki, Ziyalılar Forumunun adamları artıq Bakı kəndlərində təbliğat işləri aparırlar. Məqsəd kəndləri fəallaşdırmaq, Ziyalılar Forumunun ətrafında birləşdirməkdir. Rüstəm İbrahimbəyovun ümid etdiyi dağılmış Vəhdət Partiyasının, İslam Partiyasının, Bakı və Kəndlər Birliyinin sabiq elektoratıdır. Qeyd edək ki, sözügedən elektoratn aktiv isimlərindən bəziləri hazırda Rusiyada yaşayır və milyarderlərin təsir dairəsindədirlər. RATİ istəsə o adamlar yenidən aktivləşə, Bakı kəndlərini fəallaşdıra bilərlər. Amma İbrahimbəyov unudur ki, bu elektorat o qədər də siyasiləşməyib və çox dağınıqdır. Həm də islamçıların böyük hissəsi İrana bağlıdır. Onları toparlamaq üçün İrana bağlı dairələrin razılığı olmalıdır.
Aslan