Erməni hiyləgərliyi - ŞƏRH
Suriya kartından istifadə edən işğalçı ölkə Türkiyə vasitəsilə iqtisadi blokadadan çıxmağa çalışır
10 Yanvar 2013 12:51 SiyasətTürkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gətirilərək müxtəlif səviyyələrdə müzakirələrə səbəb olub. Hətta məsələnin kifayət qədər ictimailəşdirilməsi üçün Ağ Ev administrasiyası da bir vasitə olaraq seçilib. Xəbərlərdən də məlum olduğu kimi Ağ Evin rəsmi saytında Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması təşəbbüsü ilə kampaniya başlanılıb. Birləşmiş Ştatlardakı erməni lobbisinin təzyiqi ilə başlanan bu kampaniyanın daha çox Suriyanı tərk edən ermənilər üçün nəzərdə tutulduğu bildirilir. Ağ Evin rəsmi saytında hətta sərhədlərin açılaması ilə bağlı Türkiyəyə çağırış da edilib. Türkiyəyə ünvanlanmış çağırışda qeyd edilir ki, bu çağırışı imzalayanlar Türkiyəyə səslənir. Suriyalı qaçqınlar üçün Ermənistanla sərhəddin açılmasını istəyirik. Suriyada müharibədə 60 min insan həlak olub. Yarım milyondan artıq insan müharibədən, ölümdən qaçıblar. Lakin milyonlar insan oradan çıxa bilmir. Suriyada təxminən 200 min etnik erməni yaşayır. Onların böyük əksəriyyəti Ermənistana gəlmək istəyir. Onlar daha sakit və rahat yaşamaq istəyirlər. Sənəddə daha sonar qeyd edilib ki, Suriyadan Ermənistana gedən yol Türkiyədən keçir. Bu işin təşəbbüskarları Türkiyədən heç bir şərtsiz sərhəddin açılmasını istəyirlər.
Əslində isə bu kampaniyanın arxasında tamam başqa maraqlar dayanır və reallıq tamamilə fərqlidir. Belə ki, kampaniyanın yeganə məqsədi Türkiyə-Ermənistan sərədlərini açmaqla Yerevanı iqtisadi bloikadadan çıxarmaq, eyni zamanda Azəbaycanla Türkiyə aasında yenidən gərginlik yaratmaqdır. Elə ekspertlər və siyasi şərhçilər də eyni qənaətdədirlər. Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyir ki, bu prosesi idarə edən dairələr var və heç də başlıca niyyət iqtisadi maraqları nəzərə alaraq Türkiyə-Ermənistan sərhədlərini açmağa nail olmaq deyil. Millət vəkili deyib ki, bu məsələni yenidən dövriyyəyə çıxaranlar daha çox Azərbaycan və Türkiyə arasındakı münasibətlərə zərbə vurmaq, onu zədələmək, strateji məsələlərdə iki ölkə arasında fikir ayrılığı yaratmağa çalışırlar: "Bu mövzu ictimai rəyə çıxdıqca müxtəlif reaksiyalar, narahatçılıqlar özünü büruzə verir. Həmin informasiyanı dövriyyədə saxlayanlar onu hədəfə istiqamətləndirməyi çox peşəkarlıqla bacarırlar". Zahid Orucun sözlərinə görə, bu prosesə qarşı münasibətimizi ortaya qoyarkən Türkiyə ilə birgə hərəkət etməyi bacarmalıyıq: "Prosesin Qərbdən, hansısa Amerika dairələrindən, informasiya resurslarından gündəmə gəlməsinə də münasibət birmənalı və koordinasiya olunmuş şəkilədə həyata keçirilməlidir. Bununla yanaşı Azərbaycanın tam əminliyi var ki, Türkiyənin rəsmi dairələri hər hansı bir sərhəd açılma əməliyyatına getməyəcəklər.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin sözlərinə görə, Azərbaycan və Türkiyənin bu məsələ ilə bağlı ortaq davranışları artıq müəyyənləşib və dəfələrlə Türkiyə rəhbərliyi tərəfindən mövqe elan olunub ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın istədiyi vəziyyət yaranmayacağı təqdirdə Ermənistanla sərhədlər açılmayacaq. Fərəc Quliyev hesab edir ki, Türkiyə Azərbaycanın fikrini nəzərə almadan belə bir addım atmaz: "Türkiyə-Ermənistan sərhədlərinin açılması kampaniya xarakterli hansısa saytlarda göstərilərsə və söz olaraq ortaya atılsa da, bunun gerçək və real addım olaraq həyata keçməsi mümkün deyil". Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da sözügedən kampaniyanın ortaya atılmasının sırf Suriya məsələsi ilə bağlı olmadığı qənaətindədir. Onun sözlərinə görə, burada məqsəd sərhədləri açmaqla Ermənistanı ağır iqtisadi durumdan çıxarmaqdır: "Ermənistanın sosial-iqtisadi vəziyyəti çox ağırdır. Ona görə də, erməni lobbisi müxtəlif vasitələrlə Türkiyə - Ermənistan sərhədlərinin açılmasına çalışır. Bununla da, təcavüzkar Ermənistana ikinci nəfəs vermək istəyirlər. Ağ Evin veb səhifəsində sərhədlərin Suriya qaçqınları üçün açılması üçün keçirilən imzatoplama kampaniyası da bu məqsədlərin həyata keçirilməsi üçün bəhanədən başqa bir şey deyil". YAP rəsmisi hesab edir ki, əgər Suriya ermənilərinin Ermənistana gətirilməsi məsələsi gündəmdə varsa, bunu Türkiyə üzərindən deyil, başqa yollarla da etmək mümkündür: "Amma bu təşəbbüslərin həqiqi mahiyyəti, sadəcə, Suriya ermənilərinin Ermənistana gətirilməsi adı altında Türkiyə ilə sərhədləri müvəqqəti açmağa nail olmaqdır. Bunun davamı olaraq isə sonra bütövlükdə Ermənistanı iqtisadi cəhətdən xilas etmək məqsədilə işğalçı dövlətlə sərhədləri birdəfəlik açması üçün Türkiyəyə təzyiqlərin ediləcəyi gözləniləndir. Bu mənada, Ağ Evin veb saytında keçirilən imzatoplama kampaniyasının arxasında Birləşmiş Ştatlardakı erməni dairələri, lobbisi və işğalçı dövləti himayə edən digər qüvvələr dayanır. Hesab edirəm ki, Ermənistanla Türkiyənin sərhədləri açılmamalıdır. Bu mövzu bir dəfə gündəmə gəlmişdi və o zaman Türkiyə cəmiyyəti sərhədlərin açılmasının əleyhinə olub. Eyni zamanda, Türkiyənin indiki hakimiyyəti də bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bəyan edib. Mövqe bundan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, bu ölkə ilə sərhədlər açılmayacaq. Həqiqətən də, Türkiyə tərəfinin tutarlı dəlilləri var ki, Ermənistanla sərhədləri açmasın".
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər 1993-cü ildən kəsilib. Tərəflərin münasibətlərindəki gərginliyə Ankaranın Azərbaycanı Dağlıq Qarabağ məsələsindəki mövqeyini dəstəkləməsi, eləcə də ermənilərin türklərə qarşı irəli sürdüyü uydurma erməni soyqırımı səbəb olub.
Süleyman İsmayılbəyli