Prezident seçkilərində İran qarışa bilər - SİYASİ ANALİZ

Molla rejimi azad seçkiyə qarşıdır, rejim dəyişməsə demokratik seçki mümkün olmayacaq

Bu ilin iyun ayında İranda prezident seçkisi keçiriləcək. Artıq siyasi qruplar seçki fəallığına başlayıblar. İranın ali dini lideri Seyidəli Xamneyi də seçki məsələsinə münasibət bildirib. İslam Respublikasının dini lideri yanvarın 8-də Qum şəhərində bir qrup ruhani və "Bəsic" üzvləri ilə görüşərək qarşıdan gələn prezident seçkisindən danışıb. Xamneyi son vaxtlar ölkə mediasında növbəti prezident seçkisi ilə bağlı işıq üzü görən yazı və müsahibələrdə bəzi rəsmilərin "azad seçki" ifadəsini tez-tez hallandırdığına toxunub: "Seçki ilə bağlı bir sıra tövsiyələr verən şəxslər ayıq olmalı, bu sözləri ilə düşmənə yardım etməməlidirlər. Bu qədər deməyin ki, seçki azad olmalıdır. İranda islam inqilabının qələbə çaldığı gündən bu günə qədər keçirilmiş bütün seçkilər azad olub. Hansı seçki azad keçirilməyib ki? Düşmənin ölkədə seçkinin təntənəli keçirilməsinin qarşısını almaq üçün hazırladığı planlardan biri odur ki, seçki günlərində vətəndaşların başını siyasi, iqtisadi və ya təhlükəsizlik məsələsi və macəraları ilə qatsın. Lakin İran xalqı onların fikirləşdiyindən daha ayıqdır və düşmənə aldanmayacaq". Xatırladaq ki, İranın hakimiyyətdə və müxalifətdə olan siyasi xadimlərinin dilindən tez-tez "azad seçki" ifadələri səslənir. Bu günlərdə İranın keçmiş prezidenti, Ali Məsləhət Şurasının rəhbəri, ayətullah Haşimi Rəfsəncani də qarşıdan gələn prezident seçkisinin azad keçirilməsinin vacibliyindən danışmışdı. Rəfsancani Xamneyi hakimiyyətinə qarşı müxalifət sayılır. Son prezident seçkilərində o, digər sabiq prezidetn Xatəmi ilə bərabər Xamneyinin namizədi, hazırkı prezident Mahmud Əhmədinejadı deyil, müxalifətin namizədi, "yaşıl inqilab"ın lideri Mirhüseyn Musəvini dəstəkləmişdi. Seçkidən sonra hər üç şəxs ciddi təqiblərə məruz qaldı. Siyasi müşahidəçilər bu ilki prezident seçkilərinin gərgin keçəcəyini proqnozlaşdırırlar. Hakim siyasi qüvvənin namizədi bu dəfə Əhmədinejad olmayacaq. Dördillik hakimiyyəti dövründə ali dini lider Xamneyinin qəzəbinə tuş gəlmiş Əhmədinejad bu dəfə başqası ilə əvəzlənəcək. Ümumiyyətlə, hazırkı prezidentin bütövlükdə siyasətdən gedəcəyi söhbət mövzusudur. Amma ən güclü namizədlə seçkiyə girsə belə, Xamneyinin komandası üçün bu seçki asan olmayacaq. Hər kəsə bəllidir ki, İranın hazırkı siyasi sistemi olduqca qüsurludur, demokratik deyil. Sözdə seçki olsa da, namizədlər "süzgəcdən" keçdikdən sonra seçkiyə buraxılır. Ali Nəzarət Şurasının qərarı olmadan namizəd seçkiyə buraxıla bilməz. Bu da demokratiyanın təməl prinsiplərinə ziddir. Seçkiyə buraxılsa belə, namizəd qalib gələndən sonra real hakimiyyətə sahib olmur. 1979-cu il inqilabında şah devrilsə də, respublika elan olunsa da, dövlətin ali rəhbəri Üləmalar Şurası tərəfindən təyin edilən vilayəti fəqih-ali dini liderdir. Prezident xarici görüşlərdə ölkəni təmsil etsə də, icra hakimiyyətinin başçısı funksiyasını yerinə yetirir. Bu baxımdan seçki hazırkı qanunlarla keçirilsə, yenə heç nə dəyişməyəcək. Amma yay seçkiləri İran üçün siyasi kataklizmlər vəd edir. Böyük ehtimalla, molla rejimi siyasi islahatlara getməyə vadar olacaq. Əks halda 4 il öncəki inqilabi proseslər başlanacaq.
 

Aydın
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00