Müxalifət:yeni ilə köhnə problemlərlə - SİYASİ ŞƏRH

Ənənəvi müxalifət mövqelərini itirəcək

15 ildə  ilk "uğur"

Müxalifət vahid namizəd anlayışından nəyahət, imtina etməyi bacardı. Artıq siyasi dəhlizlərdə, mətbuatda bu söz az-az işlənir. Amma bu o demək deyil ki, müxalifət 1998-ci ildən qulaqları yağır etmiş, düşərgəyə xeyirdən çox ziyan vurmuş və heç zaman da reallaşmamış bu ideyadan imtina edir. Xeyr! Vahid namizəd söz birləşməsindəki "vahid" sözü dəyişdirilib. Olub "əsas namizəd". İdeya Müsavatındı. Müsavat müxalifətin vahid namizədi ətrafında birləşmək istəmədiyindən əsas namizəd ideyasını ortaya atıb. Əsas namizəd o deməkdir ki, müxalifətdən bir neçə nəfər olacaq. Onlar arasından kim daha radikallıq nümayiş etdirərsə, protest elektoratını öz ətrafında birləşdirərsə, o da əsas namizəd olacaq. Burası doğrudur, ancaq bir iş var ki, əsas namizəd müəyyən olunca iş-işdən keçəcək. Keç kim, heç kimə güzəşt etməyəcək, nəticədə səslər parçalanacaq. Deməli, Müsavatın əsas namizəd ideyası ziyanlıdır, ortaq məxrəcə gəlməmək üçün atılan addımdır.

Müsavatdan daha bir ziyanlı gediş

Bir neçə gün bundan öncə Müsavat başqanı "Azadlıq" radiosunda köhnə "yurd"çu Xədicə İsmayılovanın qonağı idi. Öncədən müsahibəyə hazırlaşdığından başqan bu "debatı" uddu. Həmişə işinə yarayan sarkazmından istifadə etdi, "yurd"çu yazarı gülünc vəziyyətə qoydu. Bundan sonra sosial şəbəkələrdə "vahid namizəd" ideyası ələ salındı. Müsavat simpatiyasını gizlətməyən, cildini dəyişsə də, qəlbən İsa Qəmbərçi olan yazarlar gah meyxana deilər, gah da status yazıb Xədicə İsmayılovanı bir müddət öncə "İsa Qəmbər getməlidir nöqtə" sözü ilə məşhurlaşmış Emin Millinin durumuna saldılar. Zamin Hacı, Günel Mövlud, Xalid Kazımlı bu məsələdə aktiv oldular. Üzdə guya İsa Qəmbərə sataşsalar da, əslində onu "Yurd"un hücumlarından qorudular, "Yurd"un İsa Qəmbəri aşağılama siyasətinə qarşı çıxdılar. Amma burada bir nüans diqqətdən qaçırılır. Bu da vahid namizəd ideyasının, seçkidə iştirakın, müxalifətçiliyin, bütövlükdə siyasətin ələ salınmasıdır. Bu tendensiya olduqca zərərlidir və tək AXCP-yə deyil, bütövlükdə müxalifətə zərər vuracaq.

İsa Qəmbər "Milyarderlərin namizədi" olmaq istəyir

Namizədliyini irəli sürəndə ilk olaraq ağla gələn elə bu oldu. Müsavat başqanı tələsirdi, aydınca görünürdü ki, o kimlərəsə mesaj vermək istəyir. Qərb, Türkiyəyə dəstək vermir, son 20 ildə birdən-birə Rusiyada RATİ adlanan qurum peyda olur və Azərbaycanın daxili siyasəti ilə məşğul olmaq qərarına gəlir. Bu, maddi dəstək axtaran müxalifətin işinə yarayırdı. Müsavat ilk addımı atdı. İlk jestini etdi. RATİ ilə sıx əməkdaşlığı olan Ziyalılar Forumunun fəalı Rüstəm İbrahimbəyovun Müsavata ilıq münasibəti var. Görünür, Müsavat elə buna ümid edir. Amma Moskvada yaşayan milyarderlərin əksəriyyəti hərəkatçı olan və Rusiyaya antipatiya bəsləyən Müsavatın namizədini dəstəkləməsi real görünmür. Bu günlərdə Rüstəm İbrahimbəyov "yeni qüvvədən", "yeni adamdan" bəhs etmişdi. Görünür, kinorejissorun mesajını ənənəvi müxalifət anlamayıb. Ümumiyyətlə, RATİ və Ziyalılar Forumunun ortaya çıxması ənənəvi müxalifətin mövqeyini itirməısi nəticəsində mümkün olub. Siyasi eksperlərin fikrincə, bu proses davam edəcək. İctimai Palata daxilindəki mənasız mübarizə ənənəvi müxalifəti tamamilə sıradan çıxaracaq, yeni qüvvələr ortaya çıxacaq.

Aslan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00