Azərbaycan XİN həmsədrlərə çağırış etdi

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Xocalı hava limanını istismara vermək niyyəti status-kvonun möhkəmləndirilməsinə istiqamətlənmiş addımdır.

Bu barədə XİN-in mətbuat katibi Elman Abdullayev yaxın günlərdə Xocalı hava limanının istismara veriləcəyi ilə bağlı bəyanatları şərh edərkən deyib.
O bildirib ki, bu cür təxribat xarakterli addım münaqişənin həllinə ciddi zərbə vurur, Minsk qrupunun formatına mənfi təsir edir.
Eyni zamanda regionu təhlükəli vəziyyətə sürükləyir.
Bunun bütün məsuliyyətinin İrəvanın üzərinə düşdüyünü deyən XİN rəsmisi, Azərbaycanın mövqeyinin beynəlxalq qanunvericiliyə əsaslandığını bildirib.
Rəsmi Bakının bununla bağlı hansı önləyici tədbirlər görməsinə gəlincə, E.Abdullayev deyib ki, Azərbaycan məsələni həmsədr ölkələrin, beynəlxalq təşkilatların qarşısında qaldırıb, BMT baş katibinə bununla bağlı məktub ünvanlayıb.
"Beynəlxalq Mülki Aviasiya Təşkilatı məsələyə yanaşmada öz kəskin mövqeyini ortaya qoymalıdır. Azərbaycan bu təşkilata dəfələrlə məktub göndərərək narahatlığını ifadə edib".

E.Abdullayev xatırladıb ki, Xocalı hava limanı məhz bu təşkilatda Azərbaycanın tərkibində olaraq qeydiyyatdan keçib.
"Bu məkan Azərbaycanın suverenliyinə aiddir. Ermənistanın belə təxribatçı hərəkətləri beynəlxalq qanunvericiliyə hörmətsizlikdir və həmsədr dövlətlər kəskin mövqelərini ortaya qoymalıdırlar".Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejim bəyan edib ki, xırda texniki problemlər aradan qaldırılandan sonra aeroport yaxın günlərdə istismara veriləcək.Gün.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00