“Emil milli təhlükəsizlik orqanları vasitəsilə həyatını qurmağa çalışır"

Cümşüd Nuriyev: “Emil Millinin Elçibəy barəsindəki iddiası əxlaqsızlıqdır”

Son bir neçə aydır ki, keçmiş prezident Əbülfəz Elçibəy mətbuatın gündəmindən düşmür. Elçibəy məsələsi Əli Kərimli sindromundan yaxa qurtarmamış bu dəfə də bloqqer Emil Millinin tənqidinə hədəf oldu. "Əbülfəz Elçibəyi müxtəlif iddialarla mətbuatın gündəminə gətirmək Azərbaycan tarixinə hörmətsizlikdir, eyni zamanda İslam qaydalarına zidd hərəkətdir. Ola bilər ki, dövlət başçısı kimi Elçibəyin atdığı addımlar müzakirə olunsun, amma onun şəxsiyyətinə toxunmaq yolverilməzdir" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə xüsusilə Emil Millinin Elçibəy barəsində açdığı istiqamət xoşagələn deyil, bloqqerin yazdığı məqalə Elçibəyin xarakterilə uyuşmur: "Düzdür, Elçibəy hakimiyyət başında olanda onun müəyyən səhvləri olub. Bu da təbiidir, çünki hər bir dövlət başçısının səhvləri olur. Lakin, Elçibəyi bu məsələyə görə suçlamaq əxlaqsızlıqdır. Bunu mətbuatın gündəminə gətirmək də bir əxlaqsızlıqdır. Çünki, Əbülfəz Elçibəy özünü və ailəsini Azərbaycan yolunda qurban verən yeganə insanlardan biridir. Elçibəy haqqında irəli sürülən iddialar artıq presidentə çevrilir. Mətbuat mövzu qıtlığına görə Elçibəyi gündəmdə saxlayır. Necə ki, uzun müddət Elşad Abdullayev də gündəmdən düşmədi. Emilin nəyi millidir, görünür ki, o millilikdən tamam uzaqdır. Həbsdən çıxandan sonra Emil Millinin Elçibəyə bu şəkildə hücum eləməsi təhlükəsizlik orqanlarına özünü təqdim etmək xarakteri daşıyır. Emil istəyir ki, həmin orqanlar onu nəzarətə götürsünlər və Emil Milli də gələcəyini bu yolla qurmaq istəyir" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00