Türkiyə Azərbaycanın fikrini nəzərə almadan addım atmaz
8 Yanvar 2013 14:19 Siyasət"Azərbaycan və Türkiyənin bu məsələ ilə bağlı ortaq davranışları artıq müəyyənləşib və dəfələrlə Türkiyə rəhbərliyi tərəfindən mövqe elan olunub ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın istədiyi vəziyyət yaranmayacağı təqdirdə Ermənistanla sərhədlər açılmayacaq". Bu fikirləri "OLAYLAR"-a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Ağ Evin saytında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı başlanılan kampaniyaya münasibət bildirərkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, Türkiyə Azərbaycanın fikrini nəzərə almadan belə bir addım atmaz: "Bu Azərbaycan-Türkiyə xarici siyasətinin koordinasiya olunmasına işarədir və bu istiqamətdə də ciddi işlər gedir. Təkcə xarici siyasət deyil, hərbi sənaye siyasəti və başqa sahələrdə də ciddi şəkildə irəliləyiş olmalıdır. Digər tərəfdən Türkiyənin Ermənistanla münasibətləri təkcə Qarabağ məsələsinə görə, indiki vəziyyətdə deyil. Ermənistan bu günə qədər Türkiyənin ərazi bütövlüyünü tanımır. Həmçinin özünün rəmizlərində, gerbində Ağrı dağını göstərir, ərazi iddiası irəli sürür. Qondarma soyqırım iddiası ilə 4 T formulunu həyata keçirmək istəyir. Hazırda "soyqırımı" tanıtma ilə məşğuldurlar və bu ikinci mərhələdir. Növbəti mərhələdə isə təzminat və torpaq məsələləri durur. Sonuc olaraq Ermənistanın strategiyasında Türkiyənin ərazilərinə iddia var". Fərəc Quliyevin sözlərinə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılması kampaniya xarakterli hansısa saytlarda göstərilərsə və söz olaraq ortaya atılsa da, bunun gerçək və real addım olaraq həyata keçməsi mümkün deyil.