Vahid namizəd savaşı qızışır - SİYASİ ŞƏRH

Müsavatın xətası var, amma AXCP deyən deyil

Müsavat başqanı İsa Qəmbərin "Azadlıq" radiosuna müsahibəsi gündəmi dəyişməsə də, müzakirələrə səbəb olub. Müsahibəni yenə də AXCP-yə yaxınlığı ilə seçilən və Əli Kərimliyə simpatiyasını gizlətməyən jurnalist Xədicə İsmayıl aparırdı. Jurnalist ötən dəfə olduğu kimi bu dəfə də AXCP-nin çörəyinə yağ sürtən, müsavatçıları qıcıqlandıran suallar verir, müsahibinin sözünü kəsir, söhbətin istiqamətini dəyişməyə çalışırdı. Hiss olunurdu ki, Müsavat başqanı müsahibəyə yaxşı hazırlaşmışdı, ötən dəfəki müsahibəyə bir növ revanş hazırlamışdı. Az-çox siyasi prosesləri izləyən hər kəs hiss etdi ki, sanki AXCP İsa Qəmbərə verəcəyi sualları "Azadlıq" radiosuna çağırıb, Xədicə İsmayılın dili ilə vermək istəyir. Məsələn, "Namizədliyinizi kiminsə xeyrinə geri götürəcəksizmi"  sualı bir neçə dəfə cümlə üzvlərinin yerini dəyişməklə verildi. İllərin təcrübəsi Müsavat başqanına müsahibəni səhvsiz ötüşdürmək imkanı verdi. Amma bu müsahibə yenə də müxalifət üçün vacib suallara cavab vermədi. İctimai Palata seçkiyə vahid namizədlə gedəcəkmi? AXCP ilə Müsavatın müttəfiqliyi  nə qədər sürəcək? Bu və digər suallar yenə açıq qaldı. Amma bir sıra mətləblərər aydınlıq gəldi. Əvvəla, bəlli oldu ki, müxalifətin ən şanslı namizədi elə Müsavat başqanıdır. 2000-ci ildə "klassiklər"dən zərbə alıb dağılmış, amma son vaxtlar yenə də aktivləşmiş "Yurd" şəbəkəsinin ayrı-ayrı fəallarının püfləyib şişirtdiyi "Əlİ Kərimli mifi" işə yaramır. Əgər həqiqətən də cəmiyyətin böyük kəsimi AXCP sədrini dəstəkləyirsə, bəs "Azadlıq" radiosu seçkilərlə bağlı söhbətə İsa Qəmbər niyə çağırır? Özü də ikinci dəfə. Nədən Əli Kərimlinin müsahibə və açıqlamaları bu qədər ajiotaj doğurmur, müzakirələrə səbəb olmur? Özünə arxayın lider nədən Müsavatdan bu qədər acizanə güzəşt xahiş edir? Bəzən buna təhdid, təhqirlə nail olmağa çalışır? Deməli, "Yurd" başbilənləri nəyisə düz hesablamır. 2003-cü il məğlubiyyətinə görə, Müsavat başqanını küncə sıxışdırmaq doğru taktika deyil. Məgər həmin seçkidə Əli Kərimli və Qurban Məmmədovun dəstəklədiyi namizəd uduzmamışdı? Artıq köhnə mübarizə metodlarına qyatımış və get-gedə "Yurd"laşmaqda olan AXCP-nin vahid namizəd siyasəti doğru deyil. Təsir əks təsirə bərabərdir.  Sosial şəbəkələrdə Müsavat nə qədər təhqir olunacaqsa, müsavatçılar da Əli Kərimlini aşağılayacaq. AXCP 90-cı illərin metodu ilə Müsavata, İsa Qəmbərə hücumlar təşkil edincə, başqa birlik formatları üzərində düşünməlidir. Vahid namizəd Əli Kərimli olsa, nə dəyişəcək ki? Özünə pasport əldə edə bilməyən lider müxalifəti hansı hədəfə çatdıra bilər? Vahid namizəd olarsa, xaricdə müxalifəti necə təmsil edəcək?

Müsavatın xətasına gəlincə, fikrimizcə, İsa Qəmbərin hələ də başqanlıqda qalması düzgün siyasət deyil. Elçibəy hakimiyyətinin ikinci fiquru olmuş İsa Qəmbərin yenə də müxalifətin, hərəkatçı elektoratın vahid namizədi olmaq imkanları AXCP sədrindən artıqdır. Sadəcə, o daha geniş hərəkatın lideri olmalıdır. Siyasi ekspertlərin fikrincə, İsa Qəmbər partiya başqanlığından istefa verib, Ziyalılar Forumuna keçsə və ya başqa bir siyasi blok yaradarsa, statusu daha yüksək olar. Müsavat başqanı özündə güc tapmalı, partiya rəhbərliyindən istefa verərək, daha geniş koalisiyanın başında durmalıdır. İsa Qəmbərin davranışları göstərir ki, o bu addımı atmayacaq. Və seçkiyə 2003-cü ildəki taktika ilə gedəcək. Bu cür olsa, nə Müsavat, nə də müxalifət heç nə əldə etməyəcək.

Aslan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00