“Bəşər Əsədin taleyi Səddam Hüseyn kimi olacaq”
Vəfa Quluzadə: “Müharibə lap 3 ildə çəksə, diktator devriləcək”
7 Yanvar 2013 17:01 SiyasətSuriya prezidenti Bəşər Əsəd uzun müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq xalqa müraciət edib. Suriya diktatoru Dəməşqdə Opera teatrının binasında rejim tərəfdarlarının qarşısında etdiyi çıxış zamanı rejimə qarşı döyüşənləri "bir ovuc cinayətkar" və "terrorçu" adlandırıb, onların xaricdən dəstəkləndiyini bildirib və deyib ki, bu qüvvələrə qarşı əvvəlki kimi amansız mübarizə aparılacaq. Əsəd çıxışında müxaliflərə yeni koalision hökumətin yaradılması təklifini irəli sürüb. Prezidentin sözlərinə görə, bu yalnız müxaliflərə olan xarici maliyyə yardımının kəsiləcəyi təqdirdə baş verə bilər. Bununla da Əsəd onun haqqında irəli sürülən proqnozları tamamilə puç elədi. Diktator bir daha dünya ictimaiyyəti qarşısında hələ uzun illər hakimiyyətdə qalacağını bəyan elədi. Qeyd edək ki, Bəşər Əsəd ölkəsində baş verən vətəndaş müharibəsində 600 mindən çox insanın ölümündə Suçlu bilinir.
"Əsədin irəli sürdüyü təkliflər reallıqdan kənardır, çünki, müxaliflər Qərb və Ərəb dövlətləri tərəfindən dəstəklənir. Müharibə lap 3 il də çəksə, Bəşər Əsədi yıxacaqlar" deyən politoloq Vəfa Quluzadənin sözlərinə görə Qərb, NATO və ABŞ bu məsələyə birbaşa qoşulmur, səbəbi də ondan ibarətdir ki, Suriyada böyük müharibə ola bilər: "Çünki, Bəşər Əsədin arxasında Rusiya, İran və Çin dayanır. Əsəd də bunu başa düşmür ki, o öz ölkəsini və vətəndaşlarını məhv edib gedəcək. Əsəd hakimiyyətdən bərk əllə yapışdığı üçün onun aqibəti Səttam Hüseyn kimi olacaq, həm də Suriyanı dağıdacaq. İkinci Dünya Müharibəsində Fransa Hitler qoşunlarına müqavimət göstərmədiyi üçün Adolf Fransanı dağıtmadı, Çexoslovakiya da müharibədən salamat çıxdı. Lakin, almanlara müqavimət göstərən Polşa Hitler ordusu tərəfindən dağıdıldı. Despota, cinayətkara qarşı müqavimət göstərmək lazımdır, amma yerində. Bu həmçinin Bəşər Əsədin misalında bir faktdır. Burada Əsəd şər qüvvədir. Suriya və xalqını böyük fəlakətlər gözləyir" ("OLAYLAR" İA)