Erməni lobbisi təlaşda - REGİON
Obamanın təyinatı Yerevana sarsıdıcı zərbə ola bilər
7 Yanvar 2013 15:19 SiyasətBirləşmiş Ştatlar prezidenti Barak Obamanın ikinci dəfə Ağ Evə rəhbərliyi dövründə həyata keçirməyi nəzərdə tutduğu kadr islahatları kifayət qədər marağa səbəb olub. Bir müddət əvvəl dövlət katibi Hillari Klintonun postunu tuta biləcək real namizədlər sırasında əsas fiqur kimi Con Kerrini gördüyünü deyən Barak Obama son günlər növbəti bir açıqlaması ilə gündəmin əsas müzakirə obyektinə çevrilib. Əgər Obama Con Kerrini dövlət katibi postuna layiq görməklə erməni lobbisi, eləcə də rəsmi Yerevana sevinc bəxş etmişdisə, müdafiə naziri vəzifəsinə göstərdiyi namizədlə ermənilərin sevincini gözündə qoyub. "907"-ci düzəlişin müəlliflərindən olan, ermənipərəst mövqeyi ilə seçilən Con Kerri Türkiyəyə qarşı qeyri-normal münasibətilə tanınan senatorlardandır. Hələ Corc Buşla Ağ Evə rəhbərlik uğrunda mübarizə apararkən Con Kerri Birləşmiş Ştatlar prezidenti seçiləcəyi təqdirdə qondarma "erməni soyqırımı"nı tanıyacağını bəyan etmişdi.
Barak Obamanın Pentaqon rəhbərliyinə namizəd kimi adını çəkdiyi Kuk Hagel isə Atatürk sevdalısı və Türkiyəpərəst şəxs kimi tanınır. "Atatürk çox böyük bir dünya lideri idi. Amerikan uşaqlarına Atatürkün həyatı oxudulmalıdır" deyən Kuk Hagel eyni zamanda qondarma "erməni soyqırımı" ifadəsini də qəbul etməyən amerikan diplomatı kimi xarakterizə edilir. Türkiyə-Birləşmiş Ştatlar əlaqələrini yüksək dəyərləndirən Hagel iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafr etdiyi qənaətindədir. Pentaqon rəhbərliyinə namizəd kimi göstərilən Hagel hesab edir ki, Ankara-Vaşinqton əməkdaşlığını daha yüksək səviyyəyə qaldırmaq zəruridir. Kuk Hagelin sözlərinə görə, Birləşmiş Ştatlar-Türkiyə əlaqələrinin inkişafı təkcə Vaşinqton və Ankara deyil, eyni zamanda bütün dünya üçün əlverişlidir: "Türkiye sadəcə Asiya ilə Avropa arasında bir keçid yolu deyil. Eyni zamanda bu ölkə mədəni, sosial, iqtisadi, təhlükəsizlik baxımından regionda körpü rolunu oynayan bir ölkədir. Belə bir rola malik olan başqa bir ölkə tanımıram. Ona görə də Türkiyə ilə əlaqələrimizi gücləndirməliyik. Hər dəfə Ankaraya səfər edərkən Anıtkabri mütləq ziyarət edirəm. Mənə görə, Atatürk XXI əsrin ən dəyərli liderlərindən biridir. Təəssüflər olsun ki, Birləşmiş Ştatlarda uşaqlar bu böyük lider hakkında heç bir şey bilmirlər. Orta məktəblərdə Atatürkün həyatı uşaqlara anlatılmalı, onun barədə məlumatlar tarix kitablarında yer almalıdır. Atatürk bu gün yaşadığımız dünyanın şəkilləndirilməsində önəmli rol oynayıb".
Lakin Kuk Hagelin Birləşmiş Ştatların müdafiə naziri postuna layiq görülməsi Təl-Əviv və Yerevanda ciddi narahatçılığa səbəb olub. Eyni zamanda okeanın o tayında fəaliyyət göstərən erməni və yəhudi lobbisi Pentaqona Türkiyə meyilli bir şəxsin rəhbərlik etməsinin qarşısını almaq məqsədilə ciddi hərəkətə keçib. Belə ki, Vaşinqtonda fəaliyyət göstərən yəhudi lobbi təşkilatları, həmçinin "Neoson" kimi tanınan dərnəklər, cəmiyyətlər artıq şəbəkələşmiş halda Hagelin təyinatına qarşı kampaniyaya başlayıblar. Erməni lobbisinin də dəstək verdiyi təşkilatlara isə ümumilikdə AIPAC adı altında fəaliyyət göstərən yəhudi lobbi təşkilatı rəhbərlik edir. Artıq Birləşmiş Ştatların nüfuzlu kütləvi informasiya vasitələri, qəzet və jurnallarda da Kuk Hagelə qarşı kampaniyaya start verilib. Təhlilçilər hesab edirlər ki, ermənilərin yəhudi lobbisinə dəstək verərək Kuk Hagelin namizədliyinə qarşı çıxmasının başlıca səbəbi keçmiş senatorun 2005-ci ildə Ermənistana səfəri zamanı söyləmiş olduğu fikirlərdir. Belə ki, Kuk Hagel senator kimi 2003-ci ildə Ermənistana səfər edərkən qondarma "erməni soyqırımı" məsələsinə münasibət bildirmiş və "bu məsələ tarixçilərin ixtiyarına verilməlidir və hesab edirəm ki, əgər tarixçilər bununla məşğul olarlarsa problem öz həllini tapacaq" demişdi. Elə bunun göstəricisidir ki, Birləşmiş Ştatlardakı ANCA erməni lobbisi Hagelin Pentaqon rəhbəri təyinatına qarşı çıxır və bu məsələdə yəhudi lobbisi ilə işbirliyinə gedir. Rəsmi Təl-Əvivin, eləcə də yəhudi lobbisinin Kuk Hagelin müdafiə naziri təyin olunmasına qarşı çıxmasının səbəbi kimi keçmiş senatorun İrana qarşı hərbi əməliyyatlar planını dəstəkləməməsidir. İran problemi ortaya çıxandan birmənalı olaraq hərbi əməliyyatlar planını rədd edən Ku Hagelin Birləşmiş Ştatlar müdafiə naziri təyin olunacağı təqdirdə Tehrana hərbi müdaxilənin arxa plana keçəcəyi şübhə edilmir. Bu isə təbbi ki, İsrailin, həmçinin Amerikada fəaliyyət göstərən yəhudi lobbisinin maraqlarına xidmət edir.
Süleyman İsmayılbəyli