Əli Kərimli prezident seçkilərində iştirak etməyəcək - ANALİZ
AXCP sədri məğlubiyyət məsuliyyətinin Müsavatda qalmasına çalışır
7 Yanvar 2013 14:24 Siyasətİctimai Palatanın son toplantısı da AXCP ilə Müsavat arasında ziddiyyətlərə aydınlıq gətirmədi. Nə Müsavat mövqeyindən geri çəkildi, nə də AXCP fəalları sosial şəbəkələrdə apardıqları Müsavat əleyhinə piar kampaniyasına ara verdilər. İP-in sessiyasında çıxış edən AXCP sədri Əli Kərimli Müsavat başqanını namizəd olması münasibətilə təbrik edib. Çıxışın mətnindən aşkar görünür ki, AXCP sədrinin təbriki daha çox ələsalma xarakterlidir. Əli Kərimli bildirib ki, "İsa Qəmbər prezident seçkilərində namizədliyə namizəd olub". Bu mövqe Müsavat başqanının statusunu kiçiltməyə hesablanıb. Maraqlıdır ki, AXCP sədri və fəallarının İP-lə bağlı mövqeləri də də fərqli olub. Əli Kərimlinin çıxışına qədər hesab olunurdu ki, İctimai Palata 2013-cü ilə çıxmayacaq. Amma belə olmadı. AXCP sədri İP-in yaşamasını vacib saydı. Bu məsələdə iki nüansı diqqətdən qaçırmaq olmaz. Əvvəla, bu çıxışla AXCP sədri İP-in aqibətilə bağlı son sözün ona məxsus olduğunu göstərdi. Xatırladaq ki, əksər Müsavat fəalları və simpatizanları (Pənah Hüseyn və başqaları) İctimai Palatanın ömrünü bitirdiyini bildirirdilər. İkincisi, İP-in AXCP-yə hələ lazım olduğu ortaya çıxdı. Məlum oldu ki, AXCP sədri "Səkkizliy"in görüşünə qatılmaqla blef edir. AXCP-də yaxşı bilirlər ki, onların ən güclü müttəfiqi Müsavat ola bilər. Əli Kərimli uğur qazanmaq istəyirsə, "Səkkizliyin" yox, Müsavatın dəstəyini almalıdır. Böyük ehtimalla, AXCP prezident seçkilərinə qədər İP-in saxlanmasına çalışacaq. AXCP sədrinin çıxışında daha maraqlı nüans prezident seçkilərində iştirak etmək istəməməsi oldu. AXCP-də, özəlliklə də Əli Kərimlini qəhrəman hesab edən Gənclər Komitəsində elə hesab edirlər ki, AXCP sədri seçkiyə qatılacaq. Amma İP-də də artıq bilənlər var ki, Əli Kərimli seçkiyə girmək istəmir. AXCP sədri yaxşı bilir ki, İsa Qəmbərlə yanaşı seçkiyə girməyin heç bir anlamı yoxdur. Uğur qazanmaq istəyirsə, başqanın güzəştinə nail olmalı, Müsavatın bütün potensialından yararlanmalıdır. Əks halda 2003-cü ildəki taktikadan istifadə edib, üzdə İsa Qəmbərə dəstək verdiyini göstərməli, amma real dəstək verməməlidir. Qeyd edək ki, AMİP sədrini siyasi iflasa məhz AXCP sədrinin bu addımı itələdi. AXCP sədri 2013-cü ildə Müsavat başqanını eyni ssenari ilə sıradan çıxarmaq, növbəti parlament seçkilərinə müxalifətin əsas lideri kimi qatılmaq istəyir. Əslində onun başqa yolu da yoxdur. Müsavat başqanı heç bir halda AXCP sədrinə güzəşt etməyəcək. Bu, Müsavatın parçalanması, partiya tabanının dağılması ilə nəticələnə bilər. Əli Kərimli Müsavat başqanının güzəşt etməyəcəyini bilir və buna uyğun davranır. İndilikdə diqqət namizədlik məsələsindən yayındırılır, seçkiyə 3 ay qalmış namizədlik irəli sürülür, seçki kampaniyasında iştirak edilir, amma sonda namizədlik geri götürülür. Bu halda Əli Kərimlinin iki uduşu olacaq. Həm müxalifət cameəsində "ümumi qələbə naminə güzəştə hazır olan lider" imici qazanılır, həm də seçkinin bütün məsuliyyəti Müsavat başqanının üzərinə atılır.
Beləliklə, AXCP rəsmilərinin davranışları göstərir ki, Əli Kərimli prezident seçkilərində iştirak etməyəcək. Bunu Ali Məclisin sədri Həsən Kərimlinin açıqlaması da sübut edir. Həsən bəy bildirib ki, AXCP sədrinin namizədliyinin irəli sürülməsi hələ tezdir. Son günlər sosial şəbəkələrdə AXCP fəalları "seçkidə iştirakın mənasızlığından", "seçkiyə qatılsa, Müsavat başqanının Fazil Qəzənfəroğlu, Sabir Rüstəmxanlı və İqbal Ağazadədən fərqlənməyəcəyindən" yazırlar. Açıq-aşkar görünür ki, AXCP sədri seçkiyə girmək istəmir. Bəllidir ki, AXCP-nin seçki siyasəti də belə qeyri-müəyyənlik üzərində qurulacaq. Əli Kərimli və komandası seçki əleyhinə təbliğatı davam etdirəcək, Müsavat başqanının uğurlu seçki kampaniyasına mane olacaqlar.
Aslan