Gənclər Fondunun statusu dəyişdirildi

Prezident İlham Əliyev bu barədə fərman imzalayıb

Prezident İlham Əliyevin "Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında" 2011-ci il 19 dekabr tarixli 542 nömrəli fərmanına dəyişikliklər edilməsi haqqında fərmanına görə, fond artıq Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərməyəcək. Bundan sonra fond Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu statusu ilə fəaliyyət göstərəcək.
Fondun icraçı direktorunu Prezident vəzifəyə təyin və azad edəcək. Həmçinin fondun işçilərinin say həddini və fondun icraçı direktorunun aylıq vəzifə maaşını Azərbaycan Prezidenti müəyyən edir. Fondun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını Nazirlər Kabineti təsdiq edir.

Fondun fəaliyyətinə ümumi nəzarəti isə Fondun Müşahidə Şurası həyata keçirir. Şuranın beş üzvü dövlət orqanlarını, dörd üzvü isə gənclər təşkilatlarını təmsil edir. Şura üzvlərini Azərbaycan Prezidenti təyin edir.

Nazirlər Kabinetinə fondun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını bir ay ərzində təsdiq edib, bu barədə Prezidentə məlumat vermək tapşırılıb.Ədliyyə Nazirliyinə isə 15 gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dövlət qeydiyyatına alınmasını təmin etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00