İlham Əliyevlə rəqabət aparmaq çətin olacaq

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bir qrup media nümayəndəsi ilə görüşüb. Çay süfrəsi ətrafında keçirilən görüşdə partiya sədri 2012-ci ildə ölkə həyatı, müxalifət daxilində və rəhbərlik etdiyi partiyada baş verən mühüm hadisələrdən danışıb. 2012-ci ildə Azərbaycanın həyatında bir sıra mühüm hadisələrin baş verdiyini deyən VİP sədri deyib ki, Bakıda "Evrovision" musiqi yarışmasının keçirilməsi Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm hadisə idi və Azərbaycan dövləti bunun öhdəsindən layiqincə gəldi. Erməni zabitini öldürməkdə günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş azərbaycanlı zabit Ramil Səfərovun ölkəyə gətirilməsi və onun əfv olunmasının da Əli Əliyev 2012-ci ilin mühüm hadisəsi kimi dəyərləndirib: "Təəssüflər olsun ki, 2012-ci ili də Qarabağın işğal altında qalması ilə başa vururuq"  Bu ili Azərbaycann müxalifəti üçün itirilmiş il kimi dəyərləndirən VİP sədri deyib ki, hələ də müxalif düşərgə vahid komanda halında birləşə və vahid proqram ortaya qoya bilmir. Bunun bir səbəbini də bəzi partiyaların qrup maraqlarından çıxış etməsi kimi dəyərləndirən Əli Əliyevin sözlərinə görə, əgər Azərbaycan müxalifəti düzgün qərarlar qəbul etməsə 2013-cü ilin prezident seçkilərində İlham Əliyevlə rəqabət aparmaq çətin olacaq: "Hesab edirəm ki, Azərbaycan müxalifəti vahid komanda şəklində birləşib indiyə qədər heç bir siyasi nüfuzuna zərbə dəyməyən, cəmiyyət tərəfindən qəbul edilən neytral bir şəxsi vahid namizəd kimi müəyyənləşdirməlidir". Əli Əliyev hələlik bu istiqamətdə keçirilən görüşlərin heç bir müsbət sonluq vermədiyini söyləyib və qeyd edib ki, "Asiman" restoranında keçirilən görüşlərin nəticəsi də hələlik müxalifət üçün uğurlu deyil. VİP sədrinin sözlərinə görə, Azərbaycan müxalifəti seçkilərə qədər toparlana bilməsə, o halda rəhbərlik etdiyi partiyanın təmsil olunduğu blok və ya VİP özü seçkilərdə iştirak etmək barədə qərar qəbul edəcək. Əli Əliyev partiyanın təşkilatlanması istiqamətində  atılan addımılar barədə məlumat verib. Bildirib ki, VİP-in rayon-şəhər təşkilatları dairə təşkilatları ilə əvəzlənir ki, bu da seçkilərə hazırlıq baxımından mühüm addımdır: "Hər bir rayonda mövcud olan seçki dairələri üzrə partiyanın dairə təşkilatları yaranır. Artıq 6 aydır ki, bu prosesə start vermişik. Hər bir rayonda dairə təşkilatları tam formalaşdıqdan sonra partiyanın həmin rayon üztə olan yerli təşkilatının fəaliyyətinə xitam veriləcək". Sonda regionda baş verən proseslərə də toxunan Əli Əliyev deyib ki, gələn ilin əvvəllərində Suriya problemi öz həllini tapacaq: "Ancaq bu heç də region üçün əlverişli olmayacaq. Belə ki, Suriya probleminin həll edilməsi regionda yeni kürd dövlətinin yaradılması ilə nəticələnəcək. Bu planın baş tutmasında bir sıra xarici dairələr də maraqlıdır. "Yeni kürd dövlətinin yaradılması Suriya, İraq və Türkiyənin bir sıra kəndləri hesabına reallaşa bilər".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00